Azərbaycanla-Ermənistan arasında quru yol açıldı: gediş-gəliş başladı
Azərbaycanla Ermənistan arasında vətəndaş cəmiyyəti səviyyəsində dialoq başlayıb və proses hazırda da davam edir. Belə ki, dialoqun həyata keçirilməsi çərçivəsində iki ölkə arasında şərti sərhəd xətti vasitəsilə quru yolla azərbaycanlıların Ermənistan ərazisinə keçidi maraq doğurur. Qeyd edək ki, bu prosesin Azərbaycan və Ermənistan arasındakı gələcək münasibətlərə təsiri müzakirə olunur.
Mövzu ilə bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Crossmedia.az-a açıqlama verib:

"Bildiyimiz kimi, 13–14 fevral 2026-cı il tarixində Ermənistanın Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən daha geniş iştirakçı dairəsi təmsil olunub və inklüziv, davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib. Qeyd edək ki, ötən ilin sonlarında da qarşılıqlı səfərlər baş tutmuşdu. Eyni zamanda, cari ilin yanvar ayında “Sülh Körpüsü” təşəbbüs qrupunun Azərbaycan tərəfi ölkənin vətəndaş cəmiyyəti nümayəndələri ilə geniş formatda müzakirələr aparmışdı.
Avqust 2025-ci ildə Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrası istiqamətində Azərbaycan və Ermənistan liderləri vətəndaş cəmiyyətləri arasında əlaqələrin yaradılması və genişləndirilməsi barədə razılığa gəliblər. Son olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi ilə bağlı ortaq mövqe ifadə ediblər".
C.Hüseynzadə hesab edir ki, bütün bu faktlar sülh gündəliyinin uğurla icrasında vətəndaş cəmiyyətinin roluna verilən əhəmiyyəti göstərir:
" Beynəlxalq təcrübə də sübut edir ki, xalqlar arasında uzunmüddətli sülhün qurulmasında vətəndaş cəmiyyəti institutları xüsusi rol oynayır.
Şübhəsiz ki, müharibə və münaqişə dövrü hər iki cəmiyyətin yaddaşında dərin izlər buraxıb. Azərbaycan bu münaqişədə ən çox və əsas zərər çəkmiş tərəf olub. Bununla yanaşı, Azərbaycan müharibənin qalibi və sülh təşəbbüskarı kimi regionda sabitliyin və təhlükəsiz Cənubi Qafqaz modelinin formalaşmasının tərəfdarıdır.
Bu baxımdan vətəndaş cəmiyyəti institutları xalqlar arasında körpü rolunu oynayaraq sülhün inkişafına töhfə verə bilər. Proses asan və qısa olmayacaq, lakin ardıcıl və sistemli dialoq uzunmüddətli nəticələrə gətirib çıxara bilər. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri regionda etimad mühitinin formalaşması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilə bilər. Bu cür təmaslar rəsmi diplomatik prosesləri tamamlayan və cəmiyyətlərarası dialoqu gücləndirən vacib platformadır.
Belə səfərlər stereotiplərin azalmasına, humanitar məsələlərin müzakirəsinə və ictimai dəstəyin formalaşmasına şərait yaradır. Gələcəkdə birgə humanitar layihələr, akademik mübadilələr və beynəlxalq platformalarda əməkdaşlıq imkanlarının genişlənməsi mümkündür.
Bu səfər münasibətlərin normallaşması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Onun real və davamlı təsiri isə dialoqun ardıcıllığından və qarşılıqlı siyasi iradənin mövcudluğundan asılı olacaq. Hesab edirik ki, Azərbaycan tərəfi bu məsələdə ardıcıl və möhkəm siyasi iradə nümayiş etdirir.
Ermənistanla bağlı proseslərin gələcək inkişafı isə müəyyən mənada həmin ölkədə keçiriləcək siyasi proseslərdən, xüsusilə də Ermənistan Milli Assambleyasına (parlament) 7 iyun 2026-cı il tarixində baş tutacaq seçkilərdən asılı olacaq. Bu seçkilərin nəticələri Ermənistanın daxili siyasi kursuna və regionda sülh gündəliyinə yanaşmasına birbaşa təsir göstərə bilər".
Fatimə Məmmədova
10:25 16.02.2026
Oxunuş sayı: 599