Süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsallaşma ölkələrin gələcək inkişafını müəyyən edir
Müasir dövrdə rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi və strateji idarəetmə modellərinin yenilənməsi dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Qlobal miqyasda baş verən sürətli texnoloji dəyişikliklər fonunda ölkələrin yalnız iqtisadi deyil, həm də institusional çevikliyi və idarəetmə səmərəliliyi prioritet məsələ kimi ön plana çıxır.
Bu baxımdan, Azərbaycanın son illərdə həyata keçirdiyi sistemli islahatlar, rəqəmsal infrastrukturun gücləndirilməsi və innovasiyaya əsaslanan inkişaf strategiyası ölkəmizin gələcək inkişaf trayektoriyasını formalaşdıran mühüm mərhələdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə müəyyənləşdirilən yeni strateji istiqamətlər Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Soltan Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və tapşırıqlar ölkəmizin rəqəmsal transformasiya mərhələsinə keçidinin mühüm yol xəritəsidir. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
"Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı dövlət idarəçiliyində çevikliyin artırılmasına, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, həmçinin vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verəcək.
Müasir dövrümüzdə dünya təcrübəsi göstərir ki, süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsallaşma artıq yalnız yenilik deyil, həm də ölkələrin gələcək inkişafını müəyyən edən əsas strateji istiqamətlərdən birinə çevrilmişdir. Süni intellekt bizə daha çevik idarəetmə, daha dəqiq qərarvermə və resurslardan səmərəli istifadə imkanları yaradır. Böyük həcmdə məlumatların qısa zamanda təhlili, xidmətlərin avtomatlaşdırılması və insan faktorundan irəli gələn səhvlərin azalması dövlət idarəçiliyində səmərəliliyi artıracaq və iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığın yüksəlməsinə səbəb olacaq.”
Deputat həmçinin Azərbaycan Respublikasında həyata keçirilən enerji siyasəti ölkəmizin dayanıqlı inkişafı və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirib:
"Həyata keçirilən uğurlu enerji siyasətinin nəticəsidir ki, son illərdə enerji generasiya gücümüz əhəmiyyətli dərəcədə artmışdır. Neft və qaz sektorunda beynəlxalq əməkdaşlığımız genişləndirilib, ixrac imkanlarımız artmışdır. Yeni elektrik stansiyalarının tikintisi, mövcud infrastrukturun modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinə yatırımlar ölkəmizdə enerji təminatının etibarlılığını artırır. Bütün bu tədbirlər Azərbaycanın regionda strateji enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir və gələcək nəsillər üçün dayanıqlı enerji təminatını təmin edir.
Azərbaycan dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əməkdaşlıq edir ki, bu da ölkəmizin iqtisadi inkişafına və investisiya imkanlarının genişləndirilməsinə mühüm töhfə verir:
Bu əlaqələr vasitəsilə ölkəmizə iri həcmli investisiyalar cəlb olunur, strateji layihələr maliyyələşdirilir və iqtisadiyyatımızın dayanıqlığı gücləndirilir. Bundan başqa Azərbaycan dünya ölkələri ilə mövcud əlaqələri daha da inkişaf etdirir, yeni-yeni əməkdaşlıq əlaqələri qurur, öz strateji tərəfdaşlarının sayını artırır. Əlbəttə bütün bunlar möhtərəm, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu, unikal xarici siyasətin nəticəsidir.”
Elmir Heydərli
16:24 15.02.2026
Oxunuş sayı: 495