Van Hueyao: Çinin Azərbaycanla münasibətləri həmişə böyük əhəmiyyət kəsb edib
Çinin Azərbaycan, Mərkəzi Asiya ölkələri və regionun digər dövlətləri ilə münasibətləri həmişə böyük əhəmiyyət kəsb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransında Çinin aparıcı qeyri-hökumət analitik mərkəzi olan "Çin və Qloballaşma Mərkəzi"nin təsisçisi və prezidenti Van Hueyao bildirib.
"Çinin Azərbaycanla, Mərkəzi Asiya ölkələri və regionun digər dövlətləri ilə münasibətləri həmişə böyük əhəmiyyət kəsb edib. Keçən il Çin sədri Si Cinpin də Mərkəzi Asiyanı ziyarət edib. Çin yeni İpək Yolunun inkişafına yönəlmiş "Bir kəmər, bir yol" təşəbbüsünü həyata keçirir",- o qeyd edib.
Bununla yanaşı, Hueyao əlavə edib ki, Çin Cənubi Qafqaz regionunda yeni dəhlizlərin və əlaqələrin genişləndirilməsində maraqlıdır.
"Artıq qeyd edildiyi kimi, Çindən Avropaya daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Orta dəhliz niyə vacibdir? Çünki bütün marşrutların bir-birini tamamlaması zəruridir",- o vurğulayıb.
Bununla yanaşı, o əlavə edib ki, "Bir kəmər, bir yol" təşəbbüsü Çin üçün Xəzəryanı ölkələr və Mərkəzi Asiya ilə hərtərəfli əməkdaşlıq layihəsidir.
"Söhbət yalnız nəqliyyatdan getmir, baxmayaraq ki, o əsas rol oynayır, həm də istehsal, investisiyalar, infrastruktur, rəqəmsal texnologiyalar, süni intellekt və digər istiqamətlərdən gedir",- o yekunlaşdırıb.
20:42 14.02.2026
Oxunuş sayı: 468