Bu addım Ramiz Mehdiyevi ifşa etdi
Dövlətə xəyanət, kəşfiyyatçı qruplarla əlaqə və bir sıra cinayətlərlə təqsirləndirilən Ramiz Mehdiyev haqqında daha bir sübut ortaya çıxıb. Məlum olub ki, “Milyarderlər İttifaqı” tərəfindən yaradılan Milli Şura üzvləri Mehdiyev və Abbas Abbasovdan maliyyə vəsaitləri alıblar. Bu faktlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Dövlətə xəyanətdə ittiham olunan Mehdiyevlə bağlı suallar kifayət qədər çoxdur.
Cari durum barədə Ağ Partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında bildirib ki, yayılan məlumat Dövlət strukturlarından gələn ilk rəsmi açıqlamadır: “İstər məhkəmə, istərsə də istintaq orqanları bu vaxta qədər Ramiz Mehdiyev işi ilə bağlı heç bir rəsmi məlumat verməyib. Yayılan video-çarx isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən rəsmi şəkildə yayılıb. Materialda müxtəlif insanların adları çəkilir, səs yazılarına rast gəlmək mümkündür. Bəzi məqamlar mübahisəli olsa da, bəziləri artıq fakt olaraq qeydə alınıb və məhkəmə zamanı ortaya çıxacaq. Əgər bu materiallar artıq yayılıbsa, istintaq üzrə açıq addımlar atılmalıdır. Burada Dövlət Şurasının 50 üzvü kim olub? Hansı addımlar atılıb? Kimlər bu işə qoşulub? Güc strukturlarından və media quruluşlarından kimlərin əli var? İqtisadi sferadan kimlər iştirak edib?- bunlar aydın olmalıdır".
Partiya sədri, həmçinin Mehdiyevin evindən tapılan 17 milyon manat pul məsələsinə də toxunub:.
“Mehdiyevin 10 milyonlarla, hətta milyardlarla pulu var. Əməliyyat çəkilişində şübhələnmək olar ki, bu pullar məhz çevrilişə xərclənmək üçün saxlanıb. Mehdiyevin naməlum şəxslərlə söhbətində “Mən bir sənəd hazırlamışam”, “Biz dostlarımıza göndərəcəyik, onlar da razılıq verəcəklər” kimi fikirlər məsələni daha ciddi mərhələyə çıxarır. İstintaqın cəmiyyətlə gedişatını bölüşməsinin tərəfdarıyam”.
Fatimə Məmmədova
13:12 14.02.2026
Oxunuş sayı: 733