“Visa” şirkəti ilə əməkdaşlıq Azərbaycana nə vəd edir?
Azərbaycanın beynəlxalq şirkətlərlə, xüsusilə maliyyə və ödəniş sistemləri sahəsində strateji əməkdaşlığı ölkənin iqtisadi müasirləşməsi və rəqəmsal inkişaf perspektivləri üçün mühüm rol oynayır. Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə qeyd etdiyi kimi, “Visa” şirkəti ilə qurulan əməkdaşlıq Azərbaycanın qabaqcıl, təhlükəsiz və inklüziv ödəniş sistemlərinin inkişafına yönəlmiş layihələrdə effektiv nəticələr verir. Bu həm hökumət qurumları, həm də vətəndaşlar üçün iqtisadi və texnoloji fayda yaradır.
Dövlət başçısının vurğuladığı kimi, gələcək illərdə əməkdaşlığın dərinləşdirilməsi və müasirləşmənin davam etdirilməsi prioritetlərdəndir.
“Visa” şirkətinin MDB və Cənubi və Şərqi Avropa regionu üzrə nümayəndələrinin də bildirdiyi kimi, Azərbaycan hökuməti ilə sıx tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkənin “Azərbaycan 2030” Strategiyası ilə uyğunlaşdırılmış milli prioritetlərin reallaşmasına xidmət edir və bu yanaşma ölkəni qlobal maliyyə sistemində etibarlı və innovativ oyunçu kimi möhkəmləndirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Birinci növbədə qeyd etmək lazımdır ki, bu gün Amerika-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoymuş və ikitərəfli əlaqələr sürətlə inkişaf etməkdədir. Bir neçə gün əvvəl cənab Prezident Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə, eləcə də ABŞ Ticarət Palatasının nümayəndələri və digər rəsmi şəxslərlə görüşlər keçirmiş, bu görüşlər zamanı iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Hazırda Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ticarət münasibətləri ardıcıl şəkildə inkişaf edir. Biz bu əlaqələrin davamlı olaraq irəlilədiyini müşahidə edirik. Eyni zamanda, yaxın gələcəkdə ABŞ tərəfindən Azərbaycana birbaşa investisiyaların yatırılması da nəzərdə tutulur və bu istiqamətdə konkret layihələr planlaşdırılır.
Bu kontekstdə dünyanın ən böyük elektron ödəniş sistemlərindən biri olan Visa şirkəti ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Visa müxtəlif sahələrdə geniş fəaliyyət göstərən beynəlxalq bir şirkət kimi, Azərbaycanın maliyyə və rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər.
Hesab edirəm ki, Visa şirkəti ilə əməkdaşlığın bir neçə istiqamətdə həyata keçirilməsi Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin daha da güclənməsinə, qarşılıqlı investisiya və texnoloji tərəfdaşlığın genişlənməsinə xidmət edəcəkdir".
Elmir Heydərli
13:20 13.02.2026
Oxunuş sayı: 582