Sülh sazişinin imzalanma mərasimi Vaşinqtonda ola bilər – Elmar Məmmədyarov
Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmadan sonra regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində yeni mərhələ başlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları bu prosesin artıq geridönməz xarakter aldığını göstərir. Onun ABŞ-nin vitse-prezidenti Cey Di Venslə İrəvanda keçirdiyi görüşdə səsləndirdiyi fikirlər regionda formalaşan yeni geosiyasi reallıqların və diplomatik aktivliyin artdığını açıq şəkildə ortaya qoyur.
Paşinyanın sözlərinə görə, Vaşinqtonda keçirilmiş sülh sammiti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mühüm dönüş nöqtəsi olub. ABŞ-nin, xüsusilə Prezident Donald Trampın təşəbbüsü və vasitəçiliyi ilə əldə olunan razılaşmalar tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət edib. Bu proses yalnız iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə kifayətlənmir, eyni zamanda bütün Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün də yeni imkanlar yaradır.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a müsahibə verib:
— Elmar müəllim, Vaşinqtonda paraflanan sənədlərdən sonra Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması nə vaxt baş tuta bilər?
— Bu məsələ artıq havada qalan mövzu deyil. Vaşinqtonda sənədlərin paraflanması, ABŞ prezidentinin də bu prosesə siyasi dəstək göstərməsi məsələnin yüksək mərhələyə çatdığını göstərir. Hazırda əsas şərt Ermənistanın konstitusiyasında Azərbaycan ərazisinə qarşı iddiaları ehtiva edən müddəaların ləğv edilməsidir. Bu addım atıldıqdan sonra sülh sazişinin imzalanacağı tarix elan oluna bilər. Proses artıq geri dönməz xarakter alıb.
— Vaşinqtonda keçirilmiş Sülh sammiti regionda mövcud güc balansına və Cənubi Qafqazın geosiyasi mövqeyinə hansı təsirləri göstərə bilər?
— Mənim qənaətimə görə, bu təşəbbüs ilkin mərhələdə enerji və iqtisadi əməkdaşlıq çərçivəsində formalaşsa da, hazırda daha geniş məzmun almaqdadır. Söhbət “Sülh Dəstək Fondu” kimi təqdim olunan institutun yalnız regional deyil, qlobal miqyasda münaqişələrin həllində istifadə edilməsindən gedir. Hələlik sənədlər üzərində iş aparılır, maliyyə mexanizmləri və format müəyyənləşdirilir. Bu isə gələcəkdə Cənubi Qafqazın beynəlxalq platformalarda rolunun artmasına səbəb ola bilər.
— ABŞ-ın, xüsusilə prezident Donald Trampın vasitəçilik rolu regiondakı digər beynəlxalq aktorların – Rusiya, Avropa İttifaqı və digərlərinin mövqelərinə necə təsir göstərə bilər?
— Çox güman ki, ABŞ administrasiyası, xüsusilə də prezident Tramp, sülh sazişinin imzalanma mərasiminin də Vaşinqtonda keçirilməsində maraqlı olacaq. Bu, həm siyasi imic baxımından, həm də beynəlxalq arenada ABŞ-ın vasitəçi rolunu gücləndirmək baxımından önəmlidir. Bu proses digər beynəlxalq aktorların – Rusiya və Avropa İttifaqının da regiondakı təsir mexanizmlərinə yenidən baxmasına səbəb ola bilər.
— Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün hansı real imkanlar və çağırışlar yaradır?
— Sülh sazişindən sonra ilk növbədə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı ön plana çıxacaq. Təhlükəsizlik məsələlərinin böyük hissəsi artıq həllini tapıb. Lakin əsas çağırış humanitar və ictimai inamın bərpasıdır. Uzun illərin yaratdığı qarşılıqlı etimadsızlıq bu prosesi ləngidə bilər. Bu, artıq təkcə siyasi deyil, nəsillərin yaddaşına hopmuş sosial problemdir. Ona görə də normallaşmanın qısa müddətdə baş tutacağına tam əminlik yoxdur.
Elmir Heydərli
11:47 13.02.2026
Oxunuş sayı: 573