Azərbaycan və Macarıstan konsulluq sahəsində yeni ikitərəfli sənədlərin imzalanmasını müzakirə edib
Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında keçirilən ikinci konsulluq məsləhətləşmələri çərçivəsində konsulluq sahəsində yeni ikitərəfli sənədlərin imzalanması müzakirə edilib.
Bu barədə Crossmedia.az- a XİN-dən məlumat verilib.
Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə XİN Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə müvafiq nazirliyin Konsulluq və Vətəndaşlıq idarəsinin direktoru Balaş Farkas rəhbərlik edib.
Görüşdə həmçinin Macarıstanın Azərbaycandakı səfiri Tamas Torma, o cümlədən, Azərbaycan Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidmətinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm strateji tərəfdaş və yüksək əlaqələrin mövcud olduğu Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər arasında o cümlədən, hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər müzakirə olunub.
17:40 11.02.2026
Oxunuş sayı: 941