Ərəb parlamentinin prezidenti Azərbaycana təşəkkür etdi
Ərəb dünyası Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir, ticarət, enerji və logistika kimi strateji sahələrdə tərəfdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
O, eyni zamanda, ərəb dünyasının gündəliyində duran məsələlərdə, xüsusilə Fələstin probleminə münasibətdə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Parlamentlər arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən qonaq, rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlıq və dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin olduğunu vurğulayıb.
O, Milli Məclis sədrinin Parlament Şəbəkəsinin işinin səmərəli təşkilindəki rolunu yüksək qiymətləndirib və parlamentləri bir araya gətirən bu mühüm platformanın qlobal məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib.
Məhəmməd Əhməd Əl-Yammahi, həmçinin Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasında iştirak və çıxış etməyə dəvət edib.
16:19 11.02.2026
Oxunuş sayı: 576