Çoxtərəfli platformalarda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir -RƏY
Sülhə doğru atılan addımların ümid yaratdığı bir məqamda Avropadan gələn qərarlar regionda yeni gərginlik dalğası doğurur. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv və müsbət atmosferdə keçirilmiş görüşü fonunda Fransa Senatının müharibə canilərinin azad olunmasına çağıran qətnamə qəbul etməsi, eləcə də bəzi Avropa parlamentarilərinin Ermənistanda qondarma strukturların nümayəndələri ilə görüşərək “Qarabağ məsələsi hələ bağlanmayıb” kimi təxribatçı bəyanatlar səsləndirməsi sülh prosesinə qarşı açıq siyasi təzyiq kimi qiymətləndirilir.
Qərbi Azərbaycan İcması bu addımların təsadüfi olmadığını, məqsədli şəkildə regionda barışığın qarşısını almağa yönəldiyini vurğulayaraq, beynəlxalq dairələrin ikili standartlar nümayiş etdirdiyini bildirib. Bəyanatda qeyd olunur ki, “azadlıq, bərabərlik, qardaşlıq” şüarlarını əsas tutan ölkələrin parlamentləri Qərbi azərbaycanlıların üzləşdiyi deportasiya, soyqırımı və tarixi-mədəni irsin sistemli şəkildə məhv edilməsi faktlarına bu günədək münasibət bildirməyib. İcma hesab edir ki, bu cür qərarlar yalnız siyasi manipulyasiyalara xidmət edir və regionda dayanıqlı sülhə ciddi təhlükə yaradır.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, dövlətlər arasında münasibətlərin gərginləşməsi, münaqişələrin və müharibələrin yaranma səbəbləri yalnız regional deyil, qlobal təhlükəsizlik kontekstində də ciddi əhəmiyyət daşıyır: "Bu proseslərin hüquqi və siyasi baxımdan düzgün tənzimlənməsi təkcə milli səviyyədə deyil, eyni zamanda beynəlxalq müstəvidə də həyata keçirilməlidir. Azərbaycan bu gün iqtisadi gücü, siyasi çəkisi və artan beynəlxalq nüfuzu ilə regionda və dünyada mühüm mövqeyə malik ölkələrdən biridir. Məhz bu amil Azərbaycana beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə ifadə etmək, milli maraqlarını müdafiə etmək və tərəfdaş ölkələrlə birbaşa əlaqələr qurmaq imkanı verir.
Bu baxımdan, beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə dünya üzrə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların milli kimliyinin, dilinin və mədəni irsinin müdafiəsi istiqamətində vahid mövqenin formalaşdırılması vacibdir.
Hesab edirəm ki, birləşmiş beynəlxalq platformalar və tərəfdaş dövlətlər tərəfindən bu sahədə göstərilən dəstək azərbaycanlıların hüquqlarının daha effektiv şəkildə qorunmasına xidmət edəcək. Azərbaycan isə öz növbəsində, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, bu məsələlərin gündəmdə saxlanılması və real tədbirlərin görülməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirməlidir".
Elmir Heydərli
12:24 11.02.2026
Oxunuş sayı: 312