Azərbaycan qarşıya qoyulmuş strateji hədəflərini reallaşdırır - RƏY
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz və yaşıl enerji dəhlizləri Azərbaycanın iqtisadi gələcəyi baxımından getdikcə daha strateji əhəmiyyət kəsb edir. Xüsusilə regional və beynəlxalq əlaqəliliyin güclənməsi, yeni nəqliyyat xətlərinin yaradılması ölkənin iqtisadi artım imkanlarını genişləndirən əsas amillər sırasında göstərilir. Bu baxımdan, Azərbaycanın tranzit və investisiya mərkəzinə çevrilməsi potensialı son illər beynəlxalq maliyyə institutlarının da diqqət mərkəzindədir.
Yeni marşrutların ixracın şaxələndirilməsinə töhfə verəcəyi, özəl sektorun iqtisadiyyatda rolunu artıracağı və ölkənin qlobal iqtisadi proseslərdə mövqeyini gücləndirəcəyi qeyd olunur. Eyni zamanda, bu imkanlardan maksimum fayda əldə etmək üçün struktur islahatlarının davam etdirilməsi, dövlətin iqtisadiyyatda payının mərhələli şəkildə azaldılması və maliyyə bazarlarının daha da inkişaf etdirilməsi vacib şərt kimi önə çıxır.

Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev qeyd edib ki, hazırda Azərbaycan çoxvektorlu xarici siyasət aparan bir dövlət olaraq ölkənin iqtisadi inkişafının dayanıqlılığını hədəfləyən islahatları məhz yeni çağırışlara və dördüncü sənaye inqilabının prioritetlərinə uyğun şəkildə həyata keçirməkdədir: "Azərbaycan yaxın on il ərzində yeni nəqliyyat dəhlizlərinin, eləcə də ticarət və enerji yollarının çəkilməsi üçün zəruri infrastrukturu formalaşdırmaqla, ölkənin investisiya mühitini sağlamlaşdırmaqla region ölkələrinin, həmçinin böyük maliyyə korporasiyalarının diqqətini cəlb etmişdir. Siyasi müstəvidə aparılan danışıqlar bir tərəfdən regionda təhlükəsizliyin qorunmasına, digər tərəfdən isə iqtisadiyyatın şaxələndirilməsinə və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Bu proseslər iqtisadiyyatın lokallaşması və yerli potensialdan səmərəli istifadə imkanlarını təşviq edir. Şərqdən Qərbə, şimaldan cənuba doğru formalaşan nəqliyyat və enerji marşrutları çərçivəsində aparıcı güc mərkəzlərinin maraqlarını təmin etmək məqsədilə Azərbaycan yeni texnologiyalara, xüsusilə yaşıl enerji siyasətində tam avtomatlaşdırmaya əsaslanan yanaşmalara xüsusi önəm verir".
Deputat, həmçinin, bildirib ki, logistik xidmətlər iqtisadiyyatın dayanıqlılığının əsas komponentlərindən biri olduğunu nəzərə alınsa, bu sahədə həyata keçirilən tədbirlər və yatırılan sərmayələrin hüquqi-iqtisadi əsaslandırılması dövlət büdcəsi gəlirlərinin artmasına, yeni iş yerlərinin yaradılmasına, kollektivlərin formalaşmasına və sosial-iqtisadi yeniliklərin genişlənməsinə mühüm töhfə verəcək: " Regional siyasət, türkdilli dövlətlərin birliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Zəngəzur dəhlizinin açılması, eləcə də enerji siyasəti (qaz, neft və elektrik enerjisi) ölkəmizin iqtisadi artıma nail olmasına və qarşıya qoyulmuş strateji hədəflərin reallaşdırılmasına imkan verəcək".
Fatimə Məmmədova
11:08 11.02.2026
Oxunuş sayı: 626