İordaniya və Azərbaycan arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də gözlənilir - ŞƏRH
Müasir beynəlxalq münasibətlər sistemində ikitərəfli əməkdaşlığın institusional əsaslar üzərində qurulması dövlətlər arasında davamlı tərəfdaşlığın təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında son illərdə inkişaf edən siyasi və iqtisadi əlaqələr regionlararası əməkdaşlığın uğurlu nümunələrindən biri kimi çıxış edir. Qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan bu münasibətlər artıq təkcə diplomatik dialoqla məhdudlaşmır, konkret layihələr və icra mexanizmləri ilə müşayiət olunan çoxşaxəli tərəfdaşlıq modelinə çevrilməkdədir.
İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nəharın bildirdiyinə görə, 2026-cı il üçün planlaşdırılan fəal dialoq tərəflər arasında əldə olunmuş razılaşmaların praktiki icrasına və onların genişləndirilməsinə yönələcək. Əczaçılıq, energetika, rəqəmsallaşma, nəqliyyat-logistika və investisiya sahələrini əhatə edən layihələr həm Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə milli prioritetlərinə, həm də İordaniyanın regional iqtisadi hab kimi strateji mövqeyinə uyğun olaraq yeni əməkdaşlıq imkanları açır. Bu proses 2025–2027-ci illər üçün nəzərdə tutulmuş əməkdaşlıq proqramı çərçivəsində formalaşdırılmış institusional mexanizmlərlə dəstəklənir və tərəflər arasında münasibətlərin daha da dərinləşəcəyindən xəbər verir.

İkitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan-İordaniya əlaqələri hər zaman yüksək səviyyədə olub. İki ölkənin rəhbərləri, Prezident İlham Əliyev və Kral II Abdullah arasındakı davamlı dostluq münasibətləri bu əlaqələrin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İordaniya Yaxın Şərqin ən spesifik ölkələrindən biridir və bölgədə sülhün təmin olunmasında mühüm rol oynayır. Xüsusi qeyd olunmalıdır ki, İordaniyanı İslam dünyasının peyğəmbəri Məhəmməd peyğəmbərin nəslindən olan Haşimilər idarə edir. Kral Abdullah faktiki olaraq Məhəmməd peyğəmbərin irsi varisi hesab olunur və bu səbəbdən İordaniya rəhbərliyinin İslam dünyasında xüsusi çəkisi vardır.
Azərbaycan ilə İordaniya arasındakı münasibətlər həm İslam dünyası ilə əlaqələrin inkişafı, həm də Azərbaycanın Yaxın Şərqdəki aktiv iştirakını gücləndirir. Xüsusilə son dövrlərdə Azərbaycan Suriyada, Türkiyə ilə birgə fəaliyyət göstərmiş, post-Əsəd dövründə isə Amerika Birləşmiş Ştatlarının təsis etdiyi Sülh Şurasının üzvü olaraq bölgədə normallaşma və bərpa proseslərində iştirak edir. Bu, Azərbaycanın Yaxın Şərq ölkələri və bölgədə söz sahibi olan dövlətlərlə münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayır".
O bildirib ki, İordaniya rəhbərliyi əvvəldən ABŞ-nin diqqətini çəkən ölkə olub və Ərəb dünyasında ABŞ ilə münasibətlərin gərgin olduğu dövrlərdə də İordaniya Kralı diplomatik missiya ilə bölgədə əlaqələri qoruyub saxlayıb: "Vaşinqton-Əmman münasibətləri isə davamlı olaraq normal inkişaf edir və iki ölkə arasında müttəfiqlik əlaqələri mövcuddur. Buna görə də Azərbaycanın bu kimi proseslərdə fəal iştirakı ölkələr arasında dialoqun və əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu, həm dünyada gedən proseslər, həm də Azərbaycanın mövqeyi baxımından yeni imkanlar yaradır. Eyni zamanda yaxın gələcəkdə İordaniya və Azərbaycan arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də gözlənilir".
Elmir Heydərli
13:44 10.02.2026
Oxunuş sayı: 462