QANUNLAR DƏYİŞDİ: Uşağın fikrinin öyrənilməsi məcburi olacaq
Milli Məclis "Uşaq hüquqları haqqında" yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.
Bildirilib ki, bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilməsi təklif olunur.
Həmçinin, uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir. Qeyd edilən məsələ icraat zamanı uşaqların real maraqlarının müəyyən edilməsi və səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sənədə əsasən, cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma "Media haqqında" qanuna da təklif olunur.
Vurğulanıb ki, çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və aydın mexanizmlərin müəyyən edilməsi məqsədi ilə "Uşaq hüquqları haqqında" qanun layihəsinə xüsusi fəsil daxil edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa və "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə yeni normaların daxil edilməsi nəzərdə tutulur. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilib.
Qanun layihəsində qeyd edilib ki, son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilib. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası var. Təklif edilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilsin.
Həmçinin uyğunlaşdırma məqsədilə Ailə Məcəlləsində, "Sosial xidmət haqqında", "Reklam haqqında", "Gənclər siyasəti haqqında" və "Bədən tərbiyəsi və idman haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişikliklər edilməsi nəzərdə tutulub.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
13:37 10.02.2026
Oxunuş sayı: 436