Azərbaycan- Pakistan hərbi əməkdaşlığı inkişaf edir - Perspektivlər açıqlandı
Müasir beynəlxalq münasibətlər sistemində hərbi əməkdaşlıq dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında və regional sabitliyin qorunmasında əsas vasitələrdən biri kimi çıxış edir. Xüsusilə dost və strateji tərəfdaş ölkələr arasında qurulan müdafiə əlaqələri yalnız silahlı qüvvələrin peşəkar potensialının artırılmasına deyil, eyni zamanda qarşılıqlı etimadın möhkəmlənməsinə və təhlükəsizlik sahəsində ortaq maraqların qorunmasına xidmət edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında formalaşmış hərbi əməkdaşlıq modeli regionda nümunəvi tərəfdaşlıq münasibətlərindən biri hesab olunur. Azərbaycanla Pakistan arasındakı əlaqələr tarixi dostluq, siyasi həmrəylik və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. Pakistanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləməsi və iki ölkə arasında beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı mövqe uyğunluğu bu münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Son illərdə bu əməkdaşlıq müdafiə sahəsində də daha dərin və sistemli məzmun kəsb etmiş, birgə təlimlər, kadr hazırlığı, təcrübə mübadiləsi və hərbi-texniki əməkdaşlıq istiqamətində mühüm addımlar atılmışdır.
Məhz bu kontekstdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şahin Məmmədovun Pakistana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də regionda təhlükəsizlik və sabitliyin qorunmasına yönəlmiş strateji addım kimi dəyərləndirilə bilər. Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq hərbi tərəfdaşlıq siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.

Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanla Pakistan arasında uzun illərə söykənən, qarşılıqlı etimada əsaslanan müsbət münasibətlər mövcuddur. Bu əlaqələrin hüquqi və siyasi əsasını Bakı Bəyannaməsi kimi mühüm sənədlər möhkəmləndirmişdir. Lakin müasir dövrdə dövlətlərarası münasibətlərin forması və mahiyyəti dəyişmiş, klassik “nikah diplomatiyası” kimi simvolik vasitələrin yerini real və strateji sazişlər almışdır. Bu kontekstdə Azərbaycan və Pakistan arasında son illərdə müşahidə olunan hərbi-texniki əməkdaşlıq iki ölkə arasında dərin strateji müttəfiqliyin mövcudluğunu açıq şəkildə nümayiş etdirir. Məlumdur ki, qırıcı təyyarələr, hava hücumundan müdafiə sistemləri və yüksək texnologiyalı raketlər yalnız etibarlı və strateji tərəfdaşlara satılır. Azərbaycanın Pakistandan JF-17 çoxməqsədli qırıcılarını sifariş etməsi və sayın 16-dan 40-a çatdırılması bunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan əvvəllər də Pakistandan müxtəlif silah sistemləri və resurslar əldə etmişdir. Son dövrlərdə isə iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında keçirilən birgə təlimlər – həm Azərbaycanda, həm də Pakistanda – hərbi əməkdaşlığın praktiki mərhələyə keçdiyini göstərir".
O söyləyib ki, digər mühüm istiqamət isə dəniz qüvvələri sahəsində əməkdaşlıqdır: "Son illər Pakistan Hərbi Dəniz Qüvvələrinin komandan heyətinin Azərbaycana səfərlərinin intensivləşməsi diqqət çəkir. Bu görüşlər əsasən donanmanın yenilənməsi və texnoloji modernləşməsi mövzularına həsr olunur. Hazırda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan gəmilərin əksəriyyəti keçən əsrin 60–70-ci illərinin texnologiyasına əsaslanır və müasir raket sistemlərinin inteqrasiyası üçün uyğun deyil. Bu səbəbdən, aviasiyanın yenilənməsindən sonra Azərbaycan Ordusu üçün növbəti prioritet istiqamət məhz donanmanın modernləşdirilməsi hesab olunur. Bu proses iki formada həyata keçirilə bilər- Pakistan tərəfindən hazır hərbi gəmilərin Azərbaycana təhvil verilməsi, və ya Azərbaycanda birgə gəmiqayırma və texniki xidmət zavodlarının yaradılması. Bu isə təkcə hərbi deyil, eyni zamanda sənaye və texnoloji əməkdaşlıq baxımından da yeni mərhələnin əsasını qoya bilər".
Ekspert, həmçinin iki ölkə arasında münasibətlərin artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş olduğunu qeyd edib: "Aviasiya, raket sistemləri və perspektivdə donanma sahəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Eyni zamanda, Pakistanın dron texnologiyaları, antidron sistemləri və yeni raket istehsalı sahəsində apardığı tədqiqatlar gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan yalnız JF-17 qırıcıları və dəniz layihələri ilə kifayətlənməyəcək, digər yüksək texnologiyalı sahələrdə də Pakistanla strateji əməkdaşlığı davam etdirəcəkdir".
Elmir Heydərli
13:35 10.02.2026
Oxunuş sayı: 513