Ruben Vardanyan haqqında hansı cəza veriləcək: Həyat yoldaşı ilə telefon danışığında deyib ki...
Son dövrlər regionda baş verən proseslər fonunda Azərbaycanda saxlanılan və məhkəməsi davam edən qondarma respublikanın "dövlət naziri" Ruben Vardaryana hansı cəza veriləcəyi müzakirə olunur. Belə ki, digər separatçılar haqqında artıq müvafiq cəza verilib. Onlardan bir çoxu ömürlük Azərbaycanda, həbsdə qalacaqlar. Bəs Vardanyan?
İstintaq materiallarında bildirilir ki, o, Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edib, bu strukturların maliyyələşdirilməsində və təşkilatlanmasında rol oynayıb. Ona qarşı terrorçuluq fəaliyyəti, silahlı dəstələrin yaradılması, dövlət sərhədinin qanunsuz keçilməsi və digər ağır cinayət maddələri üzrə ittihamlar irəli sürülüb. Azərbaycan tərəfi hesab edir ki, bu əməllər nəticəsində həm dövlətə, həm də mülki əhaliyə ciddi zərər dəyib.
Azad Vətən Partiyasının sədri Akif Nağı bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, Vardanyana qarşı ittihamlar həddindən artıq ağırdır: "Buraya əhaliyə, insanlara işgəncə verməsi, dövlət çevrilişi hazırlamaq, terrorçuluq, silahlı dəstə yaratmaq və daha artığı aiddir. Bunlar ağır maddələrdir. Həmin maddələr imkan verir ki, Vardanyan ömürlük həbsdə qalsın. Bu qərar verilsə, çox ədalətli olar".
A.Nağı, həmçinin, onun son dəfə həyat yoldaşı ilə telefon danışığında çox bədbin əhval-ruhiyyədə olmasına da toxunub: "Həyat yoldaşı ilə telefon danışığında bədbin əhval-ruhiyyəsi ilə Dekameron əsərindən misal gətirir. Məzmunu isə təxminən belədir: “Sabaha ümid yoxdur, dirçəliş olmaya da bilər”. Yəni Vardaryan özündən çox arxayın idi. Belə bir fikir də var ki, Rusiya tərəfindən göndərilmişdi və Qarabağa bir sınaq meydançası kimi gəlmişdi. Burada müəyyən hərəkətlər edib reytinq qazanmaq, Ermənistanda Rusiyanın adamı kimi hakimiyyətə gəlmək istəyirdi. Bu versiyalar reallığa yaxındır. Beləliklə, o gəldi və özünü "yandırdı". Rusiya da ondan imtina etdi. Hətta baş nazir Nikol Paşinyan da başa düşürdü ki, onu nə üçün Qarabağa gətirdilər. Nəticədə onun bu planı alınmadı".
Partiya sədri hesab edib ki, ona ən azı iyirmi il azadlıqdan məhrum edilə bilər: "Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törədilib və buna görə ən ağır cəza veriləcəyini gözləyirik. Yaxşı olar ki, ömürlük cəza verilsin. Hadisənin gedişatında isə məntiq var. İyirmi il azadlıqdan məhrum edilən digərləri kimi Vardanyan da bu cəzaya layiq görülə bilər. Çünki törədilən cinayətlər təxminən eyni səviyyəlidir".
Fatimə Məmmədova
10:52 10.02.2026
Oxunuş sayı: 555