TƏCİLİ: Zakir Həsənov Ər-Riyada getdi
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən "World Defense Show 2026" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və Azərbaycandan olan digər özəl şirkətlərin məhsulları təqdim olunub.
Nazirliyin rəhbər heyəti stendlərdə nümayiş olunan müasir silah, texnika, aviasiya və uçuş vasitələrinin nümunələri, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində ən son yeniliklər ilə tanış olub.
Səfər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra şirkət rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müdafiə sənayesi üzrə mühüm platforma hesab olunan "World Defense Show" sərgisi dünyanın qabaqcıl şirkətlərini bir araya gətirir, innovativ texnologiyalar üzrə təqdimatlar, strateji əməkdaşlıq və işgüzar görüşlərə ev sahibliyi edir.






12:25 09.02.2026
Oxunuş sayı: 382