Düşmənlər hərəkətə keçib: Azərbaycana qarşı terror...
Bayraq hər bir ölkənin simvolu sayılır. O, yalnız parça deyil, xalqın qüruru, tarixi və müstəqilliyinin rəmzidir. Bayrağa qarşı hörmətsizlik etmək, onu əzmək və ya onun simvolik mənasına xəyanət gətirmək, hər bir vətəndaş üçün qəbuledilməzdir və açıq şəkildə təhdid sayılır. Lakin bu prinsipi pozanlardan birinə ötən günlərdə rast gəlindi. Belə ki, xaricdə yaşayan bir "azərbaycanlı" ölkəmizi tərk etdikdən sonra, Azərbaycan Respublikasının dövlət bayrağına açıq-aşkar hörmətsizlik göstərib və bu hərəkəti videoya çəkərək paylaşıb. Bu cür davranış, harada olmasından asılı olmayaraq, vətənə və onun rəmzlərinə qarşı hörmətsizlik kimi dəyərləndirilir və heç bir halda qəbul edilə bilməz.
Əlbəttə, Azərbaycanın dövlət bayrağı təkcə parça deyil. Bu bayraq uğrunda minlərlə şəhid həyatını qurban verib, torpaqlarımızı və xalqımızın şərəfini qoruyan qəhrəmanlar canlarını fəda edib. Hər bir Azərbaycan vətəndaşı üçün bu bayraq müqəddəsdir və ona hörmətsizlik hər birimizin milli qüruruna toxunmaq deməkdir. Bayrağa qarşı edilən hər hansı hörmətsizlik hərəkəti həm azərbaycanlıların hisslərinə toxunur, həm də hüquqi baxımdan ciddi nəticələr doğura bilər.
Milli Təhlükəsizlik üzrə ekspert Rəşad Rza Crossmedia.az-a açıqlamasında belə insanların vətən xaini kimi qiymətləndirilməli olduğunu deyib: "Belə hərəkət edən insanlar ümumiyyətlə, Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Həmçinin, bu cür insanlar dövlət üçün, xalqımız və ölkəmiz üçün bir təhdiddir. Buna görə də ciddi tədbirlər görülməlidir. Yəqin ki, bu insanların düşmən qüvvələri maliyyələşdirir və onlarda özünəinam yaradılır. Tutalım, hakimiyyətə qarşı bəzi müxalif qüvvələr var ki, onlar xarici mənbələrdən maliyyələşdirilənlərdir və ölkə kənarında oturub hakimiyyətə qarşı müəyyən fikirlər söyləyirlər. Bu da çox ciddi problemdir. Bayrağın tapdalanması, bayrağımızın təhqir olunması dövlətçiliyimizə, millətçiliyimizə birbaşa təhqirdir".
R.Rza baş verən faktla bağlı terroru da ehtimal edib: "Buradan terrorun da qoxusu gəlir".
Fatimə Məmmədova
10:11 09.02.2026
Oxunuş sayı: 534