Yeni sədr kollektivə təqdim olundu
Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin rəhbəri Natiq Əmirov dövlət başçısının müvafiq sərəncamı ilə ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmiş Vüsal Nəsirlini qurumun əməkdaşlarına təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı agentliyin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, tədbir zamanı çıxış edən N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini vurğulayıb, xüsusilə yol infrastrukturu sektorunda qazanılan uğurların strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
O, Agentliyin fəaliyyətinin dövlət rəhbərinin daimi nəzarətində olduğunu qeyd edərək, qurumun qarşısında duran prioritet vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar haqqında danışıb, bu tapşırıqların yüksək səviyyədə icra ediləcəyinə inamını ifadə edib.
N.Əmirov yeni təyin olunmuş sədrə, həmçinin kollektivə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Göstərilən yüksək etimadı dəyərləndirən V.Nəsirli yol təsərrüfatının tərəqqisi, infrastruktur layihələrinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşdırılması üçün bütün səylərini səfərbər edəcəyini bəyan edib.
15:44 07.02.2026
Oxunuş sayı: 545