YENİLİK: Azərbaycanla Ermənistan arasında xalq diplomatiyası qurulur
Azərbaycan və Ermənistan arasında Vaşinqton sammitindən sonra yaranmış sülh mühiti iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Son altı ay ərzində nəqliyyat, daşımalar və digər sahələrdə məhdudiyyətlər aradan qaldırılmış, qarşılıqlı işbirliyi sürətlə inkişaf etdirilmişdir.
Bu müddət ərzində ticarət əlaqələrinin artırılması və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi, tərəflər arasında etimadın güclənməsi və uzunmüddətli əməkdaşlıq perspektivlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İki ölkə arasında ticarət əlaqələrinin inkişafı və bunun cari siyasi dinamikaya təsiri barədə Milli Məclisin deputatı Musa Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Cənab Prezident qırx dörd günlük Vətən müharibəsindəki qələbəmizdən sonra bölgədə sülhün bərpası üçün platforma elan etdi və Ermənistan-Azərbaycan münasibətlərinin, eləcə də bütövlükdə regionda əməkdaşlığın yol xəritəsini müəyyənləşdirdi. Bu istiqamətdə addım-addım irəliləyirik. Siyasətin zirvəsi olaraq, ötən ilin 8 avqustunda Vaşinqtonda, ABŞ Prezidenti cənab Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnini parafladıq.

Növbəti mərhələdə insanların arasında etimadı artırmaq, düşmənçiliyi aradan qaldırmaq və qarşılıqlı etimadı möhkəmləndirmək üçün konkret addımlar atılmalıdır. Azərbaycan qalib ölkə olaraq bu təşəbbüsləri öz üzərinə götürmüşdür ki, bu da tamamilə düzgün və strateji addımdır. Bizim üçün sülh, əmin-amanlıq və tərəqqi hər şeydən önəmlidir.
Bu çərçivədə artıq kommunikasiyaların açılması üçün təşəbbüslər həyata keçirilir.
Azərbaycan vasitəsilə üçüncü ölkələrin mallarının Ermənistana çatdırılması, taxıl və digər ərzaq məhsullarının göndərilməsi, eləcə də Azərbaycanın istehsal etdiyi yanacağın Ermənistana çatdırılması təmin olunur. Bu addımlar həm qiymətlərin tənzimlənməsinə, həm monopoliyanın zəifləməsinə, həm də Ermənistan tərəfdə etimadın artmasına xidmət edir".
Deputat, həmçinin əsas məqsədin regionda sülh və əməkdaşlığı bərpa etmək və bunu davamlı etmək olduğunu bildirib:
"Cənab Prezidentin bütün addımları qısa müddət ərzində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına, kommunikasiyaların açılmasına, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsinə və bölgədə etimadın artmasına yönəlib. Gələcəkdə isə hakimiyyət orqanlarının, diplomatların, parlament üzvlərinin və ictimaiyyət nümayəndələrinin görüşləri vasitəsilə xalq diplomatiyası gücləndiriləcək, düşmənçilik və nifrət hissi tədricən aradan qaldırılacaq.
Tarixi unutmamalıyıq: ermənilərin 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində başladığı separatist hərəkat bölgədə xalqların münasibətlərinə ciddi zərbə vurmuş, düşmənçilik dərinləşmişdir. Amma tarixi xatırlayaraq yaşamaq və nifrətin üstündə yaşamaq mümkündür. Etimadın qurulması üçün qalib tərəf olaraq Azərbaycan tərəfi lazımi addımları atmalıdır".
Elmir Heydərli
09:00 09.02.2026
Oxunuş sayı: 503