Tofiq Zülfüqarovdan anons: Azərbaycan və Ermənistan arasında yeni layihələrin şahidi ola bilərik
Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və etimadsızlıq mərhələsindən sonra regionda yeni siyasi reallıq formalaşmaqdadır. Münaqişədən dialoqa, qarşıdurmadan əməkdaşlığa doğru uzanan bu mürəkkəb yol artıq təkcə hökumətlərarası danışıqlar səviyyəsində deyil, həm də cəmiyyətlərarası münasibətlər müstəvisində öz əksini tapır. Regional sabitliyin və dayanıqlı sülhün təmin olunması üçün qarşılıqlı etimadın qurulması, nəqliyyat və kommunikasiya xətlərinin bərpası, iqtisadi inteqrasiyanın genişləndirilməsi bu prosesin əsas prioritetləri kimi ön plana çıxır.
Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu- Dabidə baş tutan görüş regionun gələcəyi baxımından mühüm siyasi mesaj kimi dəyərləndirilir. Liderlərin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlaması, etimad quruculuğu tədbirlərinin genişləndirilməsi və nəqliyyat-kommunikasiya layihələrinin müzakirəsi Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin əsaslarını formalaşdırır.
Bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ümumi mənzərə ondan ibarətdir ki, hazırda Ermənistanda ölkənin gələcəyi ilə bağlı geniş ictimai və siyasi müzakirələr aparılır: sülh yolunun seçilməsi, yoxsa qarşıdurmanın davamı. Bu tendensiya həm siyasi dairələrdə, həm də mediada açıq şəkildə müşahidə olunur. Görünən odur ki, Ermənistan siyasi elitasının mühüm bir hissəsi artıq sülhü alternativsiz yol kimi dəyərləndirir və bu istiqamətdə cəmiyyət daxilində müxtəlif müzakirələrə təşəbbüs göstərir. Eyni zamanda, Azərbaycanın atdığı addımlar da sülhün hər iki tərəf üçün daha məqbul və faydalı olmasına yönəlib. Bu kontekstdə Azərbaycan birtərəfli qaydada müəyyən malların Ermənistana göndərilməsinə şərait yaradaraq, gələcək qonşuluq siyasətinin mümkün müsbət nəticələrini nümayiş etdirir. Bu, rəsmi Bakı tərəfindən dolayı diplomatik mesaj kimi də qiymətləndirilə bilər.

Hesab edirəm ki, Əbu-Dabidə keçirilmiş görüş zamanı tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün əlavə mexanizmlər və konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. İstisna deyil ki, yaxın perspektivdə bu istiqamətdə yeni layihələrin icrasının şahidi olaq. Xüsusilə, TRIPP layihəsinin praktik mərhələyə keçməsi bu prosesə əlavə dinamika verə bilər".
Elmir Heydərli
14:12 07.02.2026
Oxunuş sayı: 3596