Zəlzələ günlərində Azərbaycan Türkiyənin ağrısını öz ağrısı kimi yaşadı – Deputat
Türkiyənin Kahramanmaraş şəhərində baş verən və region miqyasında ağır humanitar nəticələrə səbəb olan dağıdıcı zəlzələnin ildönümü faciənin miqyasını, eləcə də həmin günlərdə nümayiş olunan beynəlxalq həmrəylik və dəstək nümunələrini yenidən gündəmə gətirir. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji müttəfiqlik və qardaşlıq münasibətləri bu çətin sınaq dövründə konkret humanitar addımlar, operativ reaksiya və ictimai birlik vasitəsilə praktik məzmun kəsb edərək iki ölkə arasındakı münasibətlərin yalnız siyasi deyil, həm də dərin mənəvi bağlara əsaslandığını nümayiş etdirdi.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Kahramanmaraş zəlzələsinin ildönümü təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də ağır və unudulmaz bir gündür. Onun sözlərinə görə, bu faciə minlərlə insanın həyatını itirməsi ilə yadda qaldı və bütün bölgədə dərin iz buraxdı, Azərbaycan xalqı isə həmin günlərdə qardaş Türkiyənin ağrısını öz ağrısı kimi yaşadı.
Deputat qeyd edib ki, fəlakətin ilk saatlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti səfərbər olub. "Xilasedicilərimiz, həkimlərimiz, könüllülərimiz bölgədə canla-başla çalışdı, humanitar yardımlar fasiləsiz göndərildi", – deyə o vurğulayıb.
R.Nurullayev Azərbaycanın dəstəyinin bununla məhdudlaşmadığını diqqətə çatdıraraq əlavə edib ki, Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin salınması qardaşlığın davamlı və mənəvi simvoluna çevrilib. Onun sözlərinə görə, bu məhəllə yalnız tikililərdən ibarət deyil, insanların yenidən həyata tutunması üçün verilən ümidin göstəricisidir.
Deputat sonda həlak olanların xatirəsinin dərin ehtiramla yad edildiyini bildirərək Azərbaycanın Türkiyənin yaralarının sarınmasında bundan sonra da qardaş ölkənin yanında olacağını bir daha vurğulayıb.
12:08 06.02.2026
Oxunuş sayı: 536