Azərbaycan və BƏƏ-nin güclərini birləşdirməyi hər iki ölkə üçün strateji əhəmiyyətlidir -RƏY
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında strateji tərəfdaşlıq münasibətləri yeni və daha dərin mərhələyə qədəm qoyur. İki ölkə rəhbərliyi səviyyəsində aparılan intensiv dialoq siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin formalaşdırır. Son razılaşmalar göstərir ki, Bakı–Əbu-Dabi xətti artıq təkcə diplomatik münasibətlər çərçivəsi ilə məhdudlaşmır, konkret və çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir.
Bu kontekstdə enerji və müdafiə sahələrini əhatə edən yeni sənədlərin imzalanması tərəflərin qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq niyyətinin bariz göstəricisidir. Xüsusilə, strateji əhəmiyyət daşıyan layihələr üzrə razılaşmalar regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, iki dövlət arasında siyasi və institusional əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a danışıb: "BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq günü-gündən dərinləşir və daha da şaxələnir. Əgər yaxın keçmişə qədər tərəflər əsasən yaşıl enerji sahəsində və BƏƏ-nin müxtəlif şirkətləri ilə əməkdaşlıq edirdilərsə, bu gün artıq Azərbaycanın kommunikasiya və enerji dəhlizləri kontekstində son dərəcə mühüm bir mərhələ reallaşıb. Belə ki, Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihədə Birləşmiş Ərəb Əmirlikləri də iştirakçı tərəf kimi çıxış etməyə başlayıb. Bu, olduqca əhəmiyyətli addımdır. Çünki Azərbaycan qazının Avropaya ötürülməsinin genişləndirilməsi mövcud infrastrukturda yeni və innovativ texnologiyaların tətbiqini zəruri edir. Məhz bu texnoloji yeniliklər Azərbaycan qazının daha böyük həcmdə Avropa bazarlarına çatdırılmasını təmin edəcək".
Deputat, həmçinin digər tərəfinin isə Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan gücü ilə bağlı olduğunu bildirib: "Azərbaycan getdikcə mövqelərini möhkəmləndirir və bu güc yeni strateji perspektivlərin formalaşmasına yol açır. Bu proses, eyni zamanda, Azərbaycanın öz tarixi-mədəni arealında nüfuzunun bərpası və möhkəmlənməsi anlamına gəlir. Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu bu gün dünyanın ən müasir metod və texnologiyalarından istifadə edən, çətin və mürəkkəb hərbi sınaqlardan qalib çıxmış güclü bir ordu kimi tanınır. Bu da təbii olaraq dost və tərəfdaş ölkələrin Azərbaycan hərbi modelinə marağını artırır.Nəzərə alsaq ki, BƏƏ bu gün qlobal miqyasda strateji əhəmiyyətə malik regionlardan birində yerləşən və dünya siyasətində mühüm rol oynayan ölkədir, o zaman təhlükəsizlik və onun təmin olunması məsələlərinin bu əməkdaşlıq çərçivəsində daha da ön plana çıxması tam məntiqlidir. Fikrimcə, Azərbaycan artıq beynəlxalq hərbi-sənaye bazarına daxil olmağı bacarmış ölkələr sırasındadır. Bu baxımdan, BƏƏ-nin güclü maliyyə və investisiya imkanları ilə Azərbaycanın hərbi-siyasi və texnoloji potensialı birləşərsə, bu, hər iki ölkənin təhlükəsizliyi baxımından mühüm və strateji əhəmiyyət daşıyan bir əməkdaşlıq modelinə çevrilə bilər".
Elmir Heydərli
12:23 05.02.2026
Oxunuş sayı: 572