İlham Əliyevin Ukraynaya son səfərindən cəmi bir ay sonra... Tarixi dəyişən hadisə
Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələr strateji tərəfdaşlığın mühüm sütunlarından biri kimi davamlı şəkildə inkişaf edir. Qarşılıqlı etimada və siyasi həmrəyliyə əsaslanan bu əməkdaşlıq çərçivəsində tərəflər regional və beynəlxalq çağırışlar fonunda birgə fəaliyyət mexanizmlərini gücləndirməyə çalışırlar.
Bu kontekstdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə Milli Məclisin Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə arasında keçirilən görüş, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rusiya ilə Ukrayna arasında davam edən və nəticəsi hələ də qeyri - müəyyən olaraq qalan bir vaxtda Bakı - Kiyev ikitərəfli münasibətlərindəki sabitlik diqqət çəkir.
Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Elşad Paşasoy bildirib ki, Azərbaycan və Ukrayna arasında tarixi əlaqələr mövcuddur: "Bu münasibətlərin təməli hələ ötən əsrin əvvəllərində – Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin mərhələdə iki xalq arasında dostluq münasibətləri formalaşmış, dövlətlərimiz arasında diplomatik əlaqələr qurulmuşdur. Bu gün də bu münasibətlərin möhkəm təməllər üzərində inkişaf etdirilməsi və yeni mərhələyə daşınması istiqamətində güclü siyasi iradə nümayiş etdirilir. Azərbaycan və Ukrayna prezidentləri arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlər bu əməkdaşlığa mühüm töhfə verir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Ukraynaya son səfəri 2022-ci ilin yanvar ayında baş tutmuş, cəmi bir ay sonra isə dost ölkə hərbi təcavüzlə üz-üzə qalmışdır. Həmin vaxtdan etibarən Ukrayna öz ərazi bütövlüyü uğrunda mübarizə aparır. Azərbaycan dövləti özü də uzun illər işğal və terrora məruz qalmış bir ölkə olaraq, hər zaman işğalçılığa, zorakılığa və xarici müdaxilələrə qarşı prinsipial mövqe nümayiş etdirir, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin qorunmasını dəstəkləyir. Prezident İlham Əliyevin ötən il ukraynalı jurnalistin sualına cavabında səsləndirdiyi “İşğalla barışmayın” mesajı da bu mövqenin açıq ifadəsidir. Bu baxımdan Azərbaycan Milli Məclisinin Ukrayna Ali Radası ilə parlamentlərarası əlaqələri davam etdirməsi tam məntiqə uyğundur. Ötən il Ukrayna–Azərbaycan dostluq qrupunun üzvlərinin ölkəmizə səfəri və Milli Məclisdə keçirilən yüksək səviyyəli görüşlər əməkdaşlığın genişləndirilməsinə xidmət etmişdir. Ukrayna Azərbaycanın göstərdiyi humanitar dəstəyə görə hər zaman təşəkkürünü ifadə edir. Həm dövlət başçıları səviyyəsində, həm parlamentlərarası platformalarda, həm də rəsmi bəyanatlarda bu dəstəyə yüksək qiymət verilir. Bir neçə gün əvvəl Azərbaycanın Ukraynaya növbəti humanitar yardım göndərməsi, xüsusilə enerji çətinliklərinin yaşandığı qış mövsümündə Ukrayna üçün mühüm əhəmiyyət daşıyır. Bu günə qədər Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ümumi həcmi təxminən 50 milyon ABŞ dollarına yaxındır. Bu, ciddi və ardıcıl dəstəyin göstəricisidir.

Müsahibimiz söyləyib ki, Azərbaycan özü müharibədən çıxmış, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndləri yenidən inşa edən, infrastrukturu sıfırdan quran bir ölkə olaraq, eyni zamanda dost Ukraynaya da yardım əlini uzadır: "undan əlavə, ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası, müalicəsi və valideynlərini itirmiş azyaşlıların himayəsi istiqamətində görülən humanitar tədbirlər beynəlxalq səviyyədə də təqdir olunur. Azərbaycanın Ukraynadakı səfiri Yuriy Kusev ilə Milli Məclisin Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Albala Məhərrəmzadə arasında keçirilən görüş də bu münasibətlərin məntiqi davamıdır. Səfirin sosial şəbəkələrdə bu dəstəyə görə təşəkkür etməsi rəsmi Kiyevin mövqeyini bir daha təsdiqləyir. Gələcəkdə Ukraynanın bərpası prosesində də Azərbaycanın töhfəsi istisna edilmir. Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində fəal iştirakı, qlobal aktor kimi tanınması və nüfuzu Ukrayna üçün də əlavə imkanlar yaradır. Bu mənada Azərbaycanla müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Bu münasibətlər Azərbaycanın sülhü təşviq edən, təhlükəsizliyə və rifaha xidmət edən prinsipial siyasətinin məntiqi nəticəsidir. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Ukrayna Ali Radasının rəhbərliyi ilə telefon danışığında qarşılıqlı səfərlərin və parlamentlərarası əməkdaşlığın əhəmiyyətinin vurğulanması da bu dövlət siyasətinin davamıdır. Bu baxımdan Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, sülh şəraitində daha güclü və dayanıqlı tərəfdaşlığa çevriləcəyinə əminlik var".
Elmir Heydərli
11:26 02.02.2026
Oxunuş sayı: 599