Monteneqronun turizm naziri: İnanırıq ki, Azərbaycanın investisiyaları davam edəcək
Monteneqronun turizm naziri Simonida Kordiç və Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev turizm sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Monteneqronun Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Monteneqro və Azərbaycanın dostluq münasibətlərini qoruduğunu və iki ölkə arasında turist axınının artırılması üçün əhəmiyyətli imkanlar mövcud olduğunu qeyd ediblər.
S. Kordiç Azərbaycan səfirinə məlumat verib ki, keçən il Monteneqroya səfər edən Azərbaycan turistlərinin sayı 54 % artıb, bu isə Monteneqronun turistlər üçün getdikcə daha çox maraq doğurduğunu təsdiqləyir.
O həmçinin xatırladıb ki, Bakıdakı keçirilmiş İnvestisiya Forumunda Azərbaycanın Turizm Agentliyinin sədri və iqtisadiyyat naziri, eləcə də işgüzar dairələrin nümayəndələri və potensial investorlarla görüşüb:
"Azərbaycan Monteneqroda artıq 800 milyon avrodan çox dəyərə sahib əhəmiyyətli investisiyalara malikdir. İnvestisiya potensialını və indiyədək uğurlu əməkdaşlığı nəzərə alaraq inanırıq ki, investisiyalar davam edəcək".(Report)

22:23 30.01.2026
Oxunuş sayı: 383