BMT-də WUF13-lə bağlı yüksək səviyyəli diplomatik brifinq təşkil olunub
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı yüksək səviyyəli diplomatik brifinq təşkil olunub.
Crossmedia.az xəbər verir ki, BMT-Habitat və Azərbaycan hökumətinin tərəfdaşlığı çərçivəsində baş tutan brifinqdə üzv ölkələrin nümayəndələri, BMT-nin yüksək səviyyəli rəsmiləri və tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər.
Panel müzakirələrinə BMT Baş katibinin müavini və BMT-Habitatın İcraçı direktoru Anaklaudiya Rossbax, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva, BMT-Habitatın Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru, Xarici İşlər Nazirliyinin (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin ikinci katibi Nigar Bayramlı qatılıb.
Diplomatik brifinq Azərbaycan BMT yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili, daimi nümayəndənin müavini Elvin Əşrəfzadənin moderatorluğu ilə keçirilib. Diplomat tədbirə göstərilən yüksək marağın forumun əhəmiyyətinə verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın foruma ev sahibliyi etməsi ölkə üçün böyük məsuliyyət olmaqla yanaşı, dayanıqlı urbanizasiya sahəsində beynəlxalq dialoqa töhfə vermək imkanı yaradır.
Gülşən Rzayeva çıxışında WUF13 çərçivəsində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək "Liderlər Sammiti" barədə qonaqlara məlumat verib. O həmçinin planlaşdırılan nazirlər səviyyəsində görüşlər və digər tematik sessiyalar barədə də brifinq iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, WUF13 çərçivəsində Bakıda logistika, təhlükəsizlik və şəhərdaxili nəqliyyat planları hazırlanır.
BMT-Habitatın İcraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, WUF13 BMT Baş Assambleyası tərəfindən 2016-cı ildə qəbul edilmiş Yeni Şəhər Gündəliyinin 10 illiyinə təsadüf edir və bu sənədin icrasının aralıq icmalı ərəfəsində keçirilir. O, forumun Dayanıqlı şəhərlər və icmalar məqsədinin irəlilədilməsi baxımından mühüm platforma olacağını vurğulayıb.
Edlam Yemeru forumun məzmunu, hazırlıq prosesi və ev sahibi ölkə kimi Azərbaycanın prioritetlərindən bəhs olunan geniş təqdimatla çıxış edib. Bildirilib ki, forum çərçivəsində tam günlük "Nazirlər Görüşü", altı yüksək səviyyəli dialoq, tematik assambleyalar, 350-dən çox tərəfdaş tədbiri, "Urban Expo" sərgisi və ilk dəfə "WUF Akademiyası" təlim platforması təşkil olunacaq. O, forumun sonunda "Bakı Çağırışı" adlı fəaliyyət yönümlü yekun sənədin qəbulunun planlaşdırıldığı bildirilib.
Elçin Allahverdiyev isə çıxışında bildirib ki, forum BMT-nin qlobal platforması rolunu oynayacaq. Hazırlanacaq sənədlər müxtəlif maraqlı tərəflərin rəyləri və təklifləri əsasında formalaşacaq və gələcək əməkdaşlıq üçün möhkəm əsas yaradacaq.
Diplomatik brifinq üzv ölkələrin diplomatlarının sual-cavab sessiyası ilə davam edib.(Report)




22:00 30.01.2026
Oxunuş sayı: 505