Naxçıvan dəmir yolu layihəsinin hazırlanması prosesi davam edir
Avropa İttifaqı (Aİ) və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinə başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə tərəflər arasında müvafiq razılaşma əldə olunub.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumata görə, sözügedən layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Bildirilir ki, Naxçıvan dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfləyən Transxəzər Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi olacaq və 15 günlük planlaşdırılmış tranzit daşımalarını təmin etməyə imkan verəcək.
Açıqlamada vurğulanır ki, Avropa və Asiya arasında nəqliyyat marşrutlarının şaxələndirilməsi, etibarlı və sabit bağlantıların qurulması tərəflərin ortaq strateji maraqlarına uyğundur. Bu yanaşma həm qarşılıqlı fayda yaradır, həm də həddindən artıq asılılıq risklərini azaldır.
Eyni zamanda qeyd olunur ki, ikitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə həyata keçiriləcək gələcək prioritet layihələr Aİ–Azərbaycan iqtisadi əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcək.
Aİ nümayəndəliyi bildirir ki, bu təşəbbüslər Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, regional bağlantıların gücləndirilməsi, yeni iş imkanlarının yaradılması və xüsusilə kənd ərazilərində inklüziv və dayanıqlı inkişafın təşviqi baxımından mühüm rol oynayacaq.
11:38 29.01.2026
Oxunuş sayı: 485