Azərbaycan üçün əsas prioritetlərdən biri ABŞ ilə münasibətlərin yeni mərhələdə formalaşdırılmasıdır - RƏY
Azərbaycanla ABŞ arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi planlaşdırılır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2026-cı il yaz sessiyası üçün İş Planına bu istiqamətdə tədbirlərin keçirilməsini daxil edib. Bu addım, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sənədləri nəzərə alaraq, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəlməsinə dəstək məqsədini daşıyır.
Eyni zamanda, komitənin İş Planında Azərbaycan parlamentinin beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr ilə əməkdaşlığının inkişaf etdirilməsi də yer alıb. Buraya Avropa İttifaqı, Asiya Parlament Assambleyası, ATƏT PA, NATO PA, TÜRKPA, İƏT PA, QDİƏT PA, Parlamentlərarası İttifaq, GUAM PA və Avronest PA kimi qurumlarla əlaqələrin gücləndirilməsi, həmçinin Türk Dövlətləri və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində tövsiyələr verilməsi daxildir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ümumilikdə Azərbaycan üçün bu gün əsas prioritet məsələlərdən biri ABŞ ilə münasibətlərin yeni mərhələdə formalaşdırılmasıdır. Vaxtilə müxtəlif səbəblər üzündən, xüsusilə də ABŞ Konqresində ermənipərəst dairələrin təşəbbüsü ilə qəbul edilmiş 907-ci düzəliş və digər oxşar sənədlərin spekulyativ şəkildə istifadə olunması Azərbaycan–ABŞ münasibətlərinin inkişafına ciddi maneələr yaratmışdı. Lakin hazırkı mərhələdə bölgədə yaranmış yeni reallıqlar, xüsusilə də Ermənistanla sülh sazişinin imzalanmasına yönəlmiş siyasi proseslər bu münasibətlərin yenidən və daha yüksək səviyyədə qurulmasını zəruri edir. Bu baxımdan 2025-ci il avqustun 8-də ABŞ prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin keçirdiyi görüş strateji istiqamətdə gələcəyin konturlarını müəyyənləşdirdi".
Deputat, həmçinin həmin görüşdə həm bölgədə davamlı sülhün təmin olunması, həm də ABŞ–Azərbaycan strateji əməkdaşlığının əsas istiqamətlərinin dəqiqləşdirildiyini qeyd edib: "Hazırda bu çərçivədə fəaliyyət göstərən işçi komissiyalar intensiv şəkildə işləyir və əsas məqsəd bu prosesi daha da dərinləşdirməkdir. Bu gün ABŞ kimi dünya siyasətində həlledici rol oynayan bir dövlətin öz maraqlarını təmin etmək üçün bölgə ölkələri ilə daha fəal münasibətlər qurmağa çalışması Azərbaycanı da qarşılıqlı əməkdaşlıq istiqamətində aktiv mövqe tutmağa sövq edir. Çünki regionda müharibə riski və təhlükəsizliklə bağlı problemlər hələ də tam aradan qalxmayıb. Məhz bu səbəbdən gələcəyə yönəlik sabitlik və təhlükəsizlik yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində təmin oluna bilər. Bu kontekstdə Azərbaycanın Sülh Şurasına daxil olması ilə ABŞ–Azərbaycan münasibətlərində yeni bir mərhələnin əsasları formalaşır. Bu proses çərçivəsində Azərbaycanın beynəlxalq sistemdə mövqelərinin güclənməsi, təhlükəsizlik risklərinin və təhdidlərin müəyyən dərəcədə azalması real perspektiv kimi görünür. Nəticə etibarilə, Azərbaycan dünya siyasətində böyük dövlətlərlə eyni səviyyədə olmasa da, heç olmasa eyni masa arxasında təmsil olunmaq hədəfini mərhələli şəkildə reallaşdırır. Bu da hazırkı mərhələdə ölkənin strateji maraqları ilə tam uzlaşır".
Elmir Heydərli
16:14 28.01.2026
Oxunuş sayı: 1445