Azərbaycanla Ermənistan arasında sülh hansı iqtisadi dividentlər vəd edir? - RƏY
Dünya Bankı Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişin Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və regional iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması təkcə siyasi deyil, həm də iqtisadi baxımdan region üçün yeni imkanlar aça bilər. Sabitlik nəqliyyat, ticarət və investisiya axınlarını sürətləndirərək Cənubi Qafqazın inkişaf potensialını artırar. Əks halda isə davam edən qeyri-müəyyənlik həm regional, həm də beynəlxalq investorların ehtiyatlı davranmasına səbəb olacaq.
Proseslərin gedişi və mümkün sülhün regional iqtisadi dinamikaya təsiri barədə Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh regionda sabitliyi möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və regional inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar açır: "8 avgust 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh müqaviləsi regionumuza de-fakto sülh gətirib. Regionumuzda sülhün bərqərar olunması ölkələr arasında iqtisadi əməkdaşlıq imkanların genişləndirilməsinə yol açıb. Bu baxımdan Dünya Bankının sülhün sabitliyin və regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcəyi ilə bağlı verdiyi açıqlamalar dəyişilməz reallıqdır. Belə ki, Cənubi Qafqaza uzun illərdən sonra hərtəfli əməkdaşlıq və regional inteqrasiya imkanları gəlir. Bu gün Azərbaycan sülh gündəliyin möhkəmlənməsi üçün Ermənistana daşınan tranzit yüklərə birtərərfi şəkildə məhdudiyyətlər aradan qaldırıb. Həmçinin artıq Ermənistana neft məhsulları satılır. Növbəti mərhələlərdə qaz və elektrik enerjisinin ixracı məsələləri də müzakirə olunmaqdadır. Regionumuzda möhkəmlənən sülh Zəngəzur dəhlizinin açılmasını da sürətləndirəcək. Bu baxımdan Zəngəzur dəhlizinin açılması region ölkələri arasında yeni bağlantılar yaradacaq".
O söyləyib ki, Asiyadan Avropaya, Fars körfəzindən Baltikyanı ölkələrə qədər beynəlxalq yüklərin daşınmasında çox vacib dəhlizlər yaranacaq: "Məhz həmin dəhlizlər ölkələrarası münasibətlərin möhkəmlənməsinə yol açır. Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün yaranması böyük coğrafiyalar arasında əməkdaşlıqların qurulmasına və qazanılan iqtisadi dividentlərin genişlənməsinə yol açacaq".
Ülvi Zahidov
10:08 28.01.2026
Oxunuş sayı: 1149