Azərbaycan enerji məhsullarının İsrailə ixracını artıra bilər - DEPUTAT
Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıqlar ölkələrin iqtisadi və texnoloji inkişafında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan–İsrail münasibətləri qarşılıqlı maraqlara əsaslanan və dinamik şəkildə inkişaf edən əməkdaşlıq modeli kimi diqqət çəkir. İsrailin müdafiə, enerji, su resursları, texnologiyalar və kibertəhlükəsizlik kimi strateji sahələrdə Azərbaycana investisiyaları artırmaq niyyəti bu tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Hər iki ölkənin regional sabitlik və inkişaf yönümlü siyasəti iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
İkitərəfli əlaəqlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan–İsrail arasında uzunmüddətli və davamlı tərəfdaşlıq formalaşıb: "İki ölkə arasındakı əlaqələr möhkəm tellərlə bağlıdır. Həm iqtisadiyyat, enerji, həm də bir sıra digər sahələrdə əməkdaşlıq gücləndirilir. Vacib məqamlardan biri də enerji və iqtisadi sahədə əməkdaşlıqdır. Enerji sahəsində kifayət qədər ciddi əməkdaşlıq imkanları var. Prezident İlham Əliyev Davos İqtisadi Forumunda çıxışında bildirdi ki, Azərbaycan ikinci neft bumunu yaşaya bilər. Burada söhbət neft hasilatının artırılmasından gedir. Təbii ki, İsraildə neftə, o cümlədən Azərbaycan neftinə ciddi tələbatı var".
V.Bayramov əlavə edib ki, bu baxımdan ölkələr enerji sahəsində əməkdaşlığın güclənməsi gözlənilir. Azərbaycan enerji məhsullarının İsrailə ixracını artıra bilər: "İqtisadi sahədə potensial böyükdür. Bir tərəfdən kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi və əsasən İsrail təcrübəsinin daha yaxından tətbiq edilməsi imkanları var. Digər tərəfdən İsrail texnologiya və innovasiyaların transferi baxımından vacib ölkələrdən biridir".
Deputat vurğulayıb ki, xüsusilə sənayeləşmə sahəsində İsrail texnologiyalarından istifadə ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinə gətirib çıxara bilər: "Eyni zamanda İsrail Azərbaycanın qida məhsullarının ixracı baxımından da vacib bazarlardan birinə çevrilə bilər. Tərəfdaşlarımızın iş adamları üçün İsrail ixrac baxımından mühüm bazardır. Qarşılıqlı səfərlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar iki ölkə arasındakı iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Ölkələr arasında iqtisadi və yeni əməkdaşlığın gücləndirilməsi potensialı kifayət qədər böyükdür".
Mehriban Yariyeva
15:16 27.01.2026
Oxunuş sayı: 571