Azərbaycan istəmir ki, Fələstində qan tökülsün - Tofiq Abbasov
Azərbaycan beynəlxalq münasibətlər sistemində sülh, dialoq və beynəlxalq hüquqa əsaslanan yanaşmanı əsas prinsip kimi qəbul edərək, regional və qlobal münaqişələrin diplomatik yollarla həllini dəstəkləyir. Bu çərçivədə, Yaxın Şərqdə uzun illərdir davam edən İsrail-Fələstin münaqişəsinin də sülh yolu ilə nizamlanması Azərbaycanın xarici siyasətində mühüm yer tutur.
Bu mövqe Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən israilli həmkarı Gideon Saar ilə Bakıda keçirilən birgə brifinq zamanı bir daha ifadə olunub. Nazir bildirib ki, Azərbaycan tərəfi Qəzza zolağında atəşkəsin davamlı olmasının vacibliyini İsrail tərəfinin diqqətinə çatdırıb və bölgədə sabitliyin bərqərar olunmasına dəstəyini vurğulayıb.
Rəsmi Bakının Yaxın Şərq siyasəti barədə Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov söyləyib ki, Azərbaycan ilk gündən Fələstin xalqının haqqını tanıyır və Fələstin dövlətini dəstəkləyir: "Biz həmişə məsələnin dinc yolla həllinin tərəfdarı olmuşuq. Bu. təbii bir istəkdir. Digər tərəfdən, Azərbaycan özü uzun illər işğal siyasətinin əziyyətlərini çəkmiş ölkədir. Biz bilirik ki, müharibələrin uzanması və böhranların davam etməsi insanlara böyük əziyyətlər verir, onları məyus edir və ümidsizliyə məhkum edir. Bu baxımdan, əlbəttə, Azərbaycan istəmir ki, Fələstində qan tökülsün. Hazırda orada yaşayan iki milyon insan çox ağır həyat şəraitindədir; qış günlərində yağış, qar və külək altında təminatsız qalırlar. Dünya birliyi bu vəziyyətlə barışa bilməz. Təəssüf ki, bəzi siyasi qüvvələr yalnız formal olaraq Fələstin xalqının hüquqlarını müdafiə etdiklərini bildirirlər, amma reallıqda zorakılıq və təzyiqlərə qarşı ciddi mövqe nümayiş etdirmirlər. Azərbaycan isə bu məsələlərə həmişə həssaslıqla yanaşır. Məqsədimiz orada sülhün bərqərar olmasıdır. Azərbaycanın Sülh Şurasına üzv olması da bir daha göstərir ki, biz dinc yolun tərəfdarıyıq. Eyni zamanda, yeni quruculuq işlərinin başlamasına dəstək veririk və geniş layihələr, proqramlar vasitəsilə əməli işlərin reallaşmasını təşviq edirik. Bu baxımdan Azərbaycanın mövqeyi həmişə sağlam və prinsipialdır. Biz heç vaxt Fələstin məsələsində tərəfsiz qalmamışıq. 1947-ci ildə BMT tərəfindən iki dövlətin formalaşması üçün verilmiş qərarı dəstəkləyirik. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olmasına baxmayaraq, bu qərarın tərəfdarı olub.

Ekspert, həmçinin Azərbaycan və İsrail arasında strateji müttəfiqliyin mövcud olduğunu bildirib: "Biz təhlükəsizlik, texnoloji inkişaf və enerji sahələrində geniş əməkdaşlıq edirik. Hər iki tərəf bir-birinə etimad göstərir və bu münasibətlər çərçivəsində Azərbaycan öz mövqeyini açıq şəkildə ifadə edir. Azərbaycanın əsas istəyi odur ki, Fələstin torpağında sabitlik yaransın və dövlət quruculuğu prosesi davam etsin. Dövlətin formalaşması uzun və mürəkkəb prosesdir: institutlar yaradılmalı, vətəndaş cəmiyyəti inkişaf etməli və müxtəlif problemlər həll olunmalıdır. Buna baxmayaraq, Azərbaycanın rəsmi mövqeyi həmişə açıqdır: biz demokratik normaların və ədalətin tərəfindəyik".
Elmir Heydərli
12:45 27.01.2026
Oxunuş sayı: 571