Bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli terror aktının üçüncü ildönümüdür.
Crossmedia.az xəbər verir ki, hadisə 27 yanvar 2023-cü ildə baş verib. Avtomat silahla silahlanmış Yasin Hüseynzadə Tehran şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyinə hücum edib. Hücum zamanı o, mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovu qətlə yetirib.
Hadisə zamanı səfirliyin təhlükəsizlik əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını almağa çalışarkən yaralanıblar.
Qeyd edək ki, bu terror aktı Azərbaycan cəmiyyətində dərin sarsıntı yaradıb, diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Hadisə eyni zamanda İran ərazisində Azərbaycan diplomatik missiyasına qarşı törədilmiş ən ağır hücumlardan biri kimi yadda qalıb.
Azərbaycan tərəfi həlak olan Orxan Əsgərovun xatirəsini ehtiramla yad edir, terror aktını qətiyyətlə pisləyir və bu kimi cinayətlərin unudulmayacağını vurğulayır.