Partiya sədri deputatın səsləndirdiyi fikirlərdən danışdı: Konkret detallar olmalıdır...
Son illər Azərbaycanda kəndlərin sosial-iqtisadi inkişafı məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi aktuallığını daha da artırıb. Xüsusilə sərhəd və ucqar kəndlərin boşalması, əhalinin rayon mərkəzlərinə və paytaxta miqrasiyası yalnız demoqrafik deyil, eyni zamanda sosial, iqtisadi və təhlükəsizlik baxımından ciddi risklər yaradır. Bu tendensiya kənd həyatının davamlılığını zəiflətməklə yanaşı, regionlararası inkişaf balansını da pozur.
Məhz bu kontekstdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramının hazırlanması təklifi mühüm strateji əhəmiyyət daşıyır. Onun fikrincə, kəndlərin tədricən boşalmasının qarşısını almaq üçün mövcud regional proqramlarla yanaşı, məhz sərhəd zonalarına yönəlmiş xüsusi və hədəfli mexanizmlərin tətbiqi zəruridir.
Deputatın səsləndirdiyi fikirlərlə bağlı iqtisadçı-ekspert, ReAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ölkədə indiyədək regionların inkişafı ilə bağlı üç dövlət proqramı qəbul olunub. Əgər bu proqramlar gözlənilən effekti verməyibsə, ilk növbədə bunun səbəbləri araşdırılmalı, nəticələr üzrə ciddi təhlil aparılmalıdır. Başqa sözlə, görülən işlərin real hesab-kitabı çıxarılmalıdır. Daha sonra hansı sahələrdə çatışmazlıqların olduğu müəyyənləşdirilməli və proqramların niyə işləmədiyi dəqiqləşdirilməlidir. Yalnız bundan sonra zəruri düzəlişlər etmək mümkündür".
Onun fikrincə, regionların inkişafı məsələsində xüsusilə dağ kəndləri və rayon mərkəzləri diqqət mərkəzində olmalıdır: "Burada kommunal xidmətlərin daha ucuz olması, yeni iş yerlərinin yaradılması, insanların sərbəst biznes fəaliyyəti ilə məşğul olması üçün şəraitin genişləndirilməsi, universitetlərin regionlara köçürülməsi kimi addımlara ciddi ehtiyac var. Ümumilikdə isə təklif irəli sürən tərəf konkret detallar təqdim etməlidir ki, bu məsələ real və səmərəli müzakirə predmetinə çevrilsin".
Elmir Heydərli
10:35 26.01.2026
Oxunuş sayı: 542