Azərbaycan Rusiyadan yeni hərbi texnika alır?: "Şübhəli məqam..."- Məmmədayarov
Azərbaycan ilə Rusiya arasında hərbi-siyasi əməkdaşlıq çərçivəsində növbəti mühüm diplomatik təmas baş tutub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində nazir müavini Vasili Osmakovla görüşərək, iki ölkə arasında müdafiə sahəsində mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Görüş zamanı tərəflər bu il üçün planlaşdırılan qarşılıqlı səfərlərin və təmasların qrafikini müzakirə etməklə yanaşı, 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, hərbi-siyasi və hərbi-texniki sahələrdə dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər.
Bu görüşün əhəmiyyəti barədə Crossmedia.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, artıq Azərbaycan ordusu əsasən Rusiya istehsalı olan hərbi texnika ilə təchiz olunub: "Bu texnikaların Rusiyadan alınması təbii haldır. Bu məsələ müzakirə mövzusu ola bilər. Eyni zamanda, hərbi texnikanın yenilənməsi məsələsi də gündəmdədir və bununla bağlı da müzakirələr aparılmalıdır. Mən burada hər hansı bir şübhəli məqam görmürəm".

Elmir Heydərli
15:23 24.01.2026
Oxunuş sayı: 607