Azərbaycan üzərindən Asiyaya yükdaşımalar artacaq - Deputat
Müasir dövrdə nəqliyyat və logistika marşrutları dövlətlərin beynəlxalq sistemdəki mövqeyini müəyyən edən əsas amillərdən biri hesab olunur. Bu baxımdan Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında etibarlı, təhlükəsiz və strateji körpü rolunu oynayır. Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda səsləndirdiyi fikirlər də Azərbaycanın bu istiqamətdə yeganə etibarlı təyinat ölkəsi olduğunu bir daha təsdiqləyir.
Avropa İttifaqının “Qlobal Qapılar” layihəsində Azərbaycanın fəal iştirakı, nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və yeni marşrutların formalaşdırılması ölkəmizin regional əməkdaşlıq və sülhə verdiyi töhfəni açıq şəkildə nümayiş etdirir.
Mövzu barədə Crossmedia.az-a ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycanın regional mövqeyi onu ən etibarlı tərəfdaşlardan birinə çevirir:
“Doğrudan da, regionun xəritəsinə baxsaq, hazırda Azərbaycan ən etibarlı tərəfdaşdır. Çünki həm cənubda, həm də şimalda münaqişələr mövcuddur. Həm şimal, həm də cənub qonşularımız Qərb ölkələrinin sanksiyaları ilə üzləşiblər. Bu isə ödənişlərin həyata keçirilməsində çətinliklər yaradır, bəzi şirkətlər sanksiyalara düşür və onlarla əməkdaşlıq qurmaq mürəkkəbləşir”.
Deputat vurğulayıb ki, məhz bu amillər fonunda ən stabil logistika və tranzit marşrutları Azərbaycan üzərindən keçir:
“Bu gün ən etibarlı logistika və tranzit əlaqələri Azərbaycan üzərindən həyata keçirilir və biz bunu artıq statistik göstəricilərdə də aydın şəkildə görürük”.
F. İsmayılzadənin sözlərinə görə, Ukrayna müharibəsinin başlanmasından sonra ölkəmizdə yükdaşımaların sayı və həcmi əhəmiyyətli dərəcədə artıb:
“Bakı Limanı və Ələt Limanı tam genişlənmə istiqamətində fəaliyyət göstərir. Bu baxımdan gələcəyə nikbin baxırıq. Azərbaycan olaraq nəqliyyat infrastrukturumuzu genişləndirir, dəmir yolu şəbəkəsini inkişaf etdiririk”.
O əlavə edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bu imkanları daha da artıracaq:
“Hər halda Zəngəzur dəhlizi də işlək vəziyyətə gəlsə, bu şəbəkə daha da böyüyəcək və daha çox yük Azərbaycan üzərindən Asiya istiqamətində daşınacaq. Bu isə ölkəmizin tranzit və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”.
Mehriban Yariyeva
10:39 24.01.2026
Oxunuş sayı: 1140