"Əbülfəz Babazadə mətbuat aynasında" kitabının təqdimatı baş tutdu
Azərbaycanda Atatürk Mərkəzi ölkə mətbuat mühiti üçün xüsusi əhəmiyyət daşıyan bir tədbirə ev sahibliyi etdi. Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş "Əbülfəz Babazadə mətbuat aynasında" kitabının təqdimatı həm jurnalistika mühitinin, həm də humanitar ictimaiyyətin diqqətini cəlb etdi.
Nəşrin ideya müəllifi və tərtibçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasovadır. Kitabın redaktoru qismində isə Prezidentin İşlər İdarəsinin "Bakinski raboçi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı çıxış ediblər. Onların birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəşr həm elmi dəqiqlik, həm də peşəkar redaktə baxımından diqqət çəkir.
Kitabda tanınmış jurnalist, tədqiqatçı və kulturoloq-yaponşünas Əbülfəz Babazadənin 1999–2025-ci illər ərzində mətbuatda dərc olunan 1400-ə yaxın məqalə və müsahibəsinin biblioqrafiyası toplanıb. Nəşr yalnız müəllifin publisistik irsini ardıcıllıqla təqdim etmir, eyni zamanda müasir Azərbaycan mətbuatının 27 illik inkişaf yolunu izləməyə imkan yaradan faktoloji bir mənbə funksiyasını da yerinə yetirir. Topluda həmçinin müəllifə dair elmi-ədəbi çevrənin dəyərli fikirləri yer alır ki, bu da kitabı geniş auditoriya üçün daha maraqlı edir.
Təqdimat mərasimi Əbülfəz Babazadənin müəllimləri, həmkarları, ölkənin tanınmış alimləri, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirildi. Müzakirələr zamanı vurğulandı ki, Ə. Babazadənin publisistik fəaliyyəti təkcə bir jurnalistin yaradıcılığı kimi deyil, həm də dövrün ictimai-siyasi həyatının güzgüsü kimi qiymətləndirilməlidir. Onun məqalələrindəki analitik yanaşma, geniş baxış bucağı və milli maraqlara həssaslıq Azərbaycan media məkanının inkişaf xəttini formalaşdıran mühüm elementlərdən biri kimi dəyərləndirildi.
Çıxış edən qonaqlar kitabı tədqiqatçılar, jurnalistika tələbələri və müasir media proseslərini izləyən oxucular üçün nadir arxiv mənbə adlandıraraq qeyd etdilər ki, nəşr həm mətbuat tariximizin sistemləşdirilməsinə, həm də jurnalistikanın elmi əsaslarla təhlilinə ciddi töhfədir.
Tədbirin sonunda iştirakçılar Əbülfəz Babazadəyə gələcək yaradıcılıq uğurları arzulayaraq belə bir nəşrin Azərbaycan mətbuat irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm xidmət göstərdiyini bildiriblər.
Nigar Yahyazadə






23:12 09.12.2025
Oxunuş sayı: 3823