Trampın Nobel arzusu sual altındadır: “Sülh” iddiası niyə nəticə vermədi?
ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına mümkün namizədliyi ilə bağlı müzakirələr 2026-cı il mükafatının meyarlarını və seçim prosesini yenidən diqqət mərkəzinə gətirib. Tramp bildirib ki, Nobel Sülh Mükafatına layiq görülməməsi Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacaq. Bu il mükafat üçün Norveç Nobel Komitəsinə 208 fərd və 79 təşkilat olmaqla ümumilikdə 287 namizəd təqdim edilib. Lakin Komitə ayrı-ayrı namizədlərin adlarını rəsmi şəkildə açıqlamır və mediada səslənən adlar onların həqiqətən namizəd göstərildiyini təsdiqləmir.
Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh Mükafatı xalqlar arasında qardaşlığın təşviqinə, orduların azaldılmasına və sülh təşəbbüslərinin yaradılması və inkişafına ən böyük töhfə verən şəxs və ya təşkilata təqdim olunur. 2026-cı il Nobel Sülh Mükafatının qalibi isə oktyabrın 9-da, Oslo vaxtı ilə saat 11:00-da açıqlanacaq.
Crossmedia.az-a açıqlamasında politoloq Aytən Qurbanova Trampın Nobel Sülh Mükafatı ilə bağlı iddialarının ilk dövrlərdən gündəmə gətirildiyini bildirib:
“Diqqət edəndə görürük ki, həm prezidentliyə namizədliyi dövründə, təşviqat mərhələsində, həm də prezidentliyinin ilk mərhələlərində onun əsas iddialarından biri qlobal sülhün təmin olunması və Nobel Sülh Mükafatının əldə olunması ilə bağlı idi. Amma çox təəssüf ki, atılan addımlar sülh mükafatının alınması üçün əsas yaratmaqdan daha çox, münaqişələrin daha uzun mərhələlərə yayılması istiqamətində nəticələr ortaya qoydu”.
Politoloq qeyd edib ki, Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha iddialı çıxışları olsa da, proses gözlənilən nəticəni verməyib: “Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha iddialı çıxışları var idi. Müharibəyə son qoyacağı, qlobal sülhü təmin edəcəyi və Nobel Sülh Mükafatını alacağı ilə bağlı iddiaların fonunda nəinki münaqişəyə son qoya bildi, hətta İranla böyük bir gərginlik və Yaxın Şərqdə kifayət qədər böyük, miqyaslı müharibəyə çevrilmə ehtimalının yaranması ilə bağlı narahatlıqlar meydana çıxdı”.
Aytən Qurbanovanın sözlərinə görə, Qəzza ilə bağlı atılan addımların da hələlik konkret nəticələri müşahidə olunmur: “Düşünürəm ki, indiki məqamda Nobel Sülh Mükafatı ilə bağlı onun iddiaları kifayət qədər ikinci plana keçib. Xüsusilə Qəzzada sülhün yaradılması ilə bağlı atılan addımların da hələ ki, real hər hansı nəticələrini müşahidə edə bilmirik”.
“Hadisələri ümumi dəyərləndirəndə, indiki mərhələdə konkret sülh əldə olunmadığına və qlobal sülhə ciddi ölçüdə töhfə verə biləcək nəticələr olmadığına görə düşünürəm ki, hazırkı mərhələdə onun namizədliyi birmənalı şəkildə dəstəklənməyəcək”, - deyə politoloq əlavə edib.
Nigar Xəlilli
19:10 08.10.2026
Oxunuş sayı: 58