Ukrayna təkbaşına müharibədə qalib gələ bilməz
Ukrayna Rusiyanın dərinliklərində yerləşən strateji hərbi və enerji obyektlərinə uzaqmənzilli dron zərbələrini davam etdirir. Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, Permdəki neft emalı zavodu Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə, Volqoqrad vilayətindəki “Marinovka” hərbi aerodromu isə daha yaxın məsafədə yerləşməsinə baxmayaraq, eyni əməliyyat çərçivəsində hədəfə alınıb. Ukrayna tərəfi bununla yanaşı, əvvəlki zərbələrin nəticələrini də açıqlayıb: “Axtubinsk” aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 təyyarəsinin zədələndiyi, Primorsko-Axtarskda isə Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi zərbə dronlarının saxlanması, hazırlanması və buraxılması üçün istifadə olunan obyektin vurulduğu bildirilir. Bu faktlar Kiyevin cəbhə xəttindən yüzlərlə və hətta minlərlə kilometr uzaqdakı hərbi və enerji infrastrukturunu hədəfə alma imkanlarının genişləndiyini göstərir.
Hərbi ekspert Səxavət Məmmədov Crossmedia.az-a açıqlamasında müharibənin hazırkı mərhələsini və tərəflərin əsas məqsədlərini dəyərləndirib: “Rusiya-Ukrayna müharibəsi artıq elə bir mərhələyə çatıb ki, tərəflər yalnız cəbhə xəttində deyil, bir-birinin dərinliklərində yerləşən hədəflərə də zərbələr endirirlər. Ukrayna tərəfi Rusiyanın 1500-1600, hətta 2000 kilometr dərinliyində yerləşən obyektləri dronlar və “Flamingo” raketləri ilə hədəfə ala bilir. Rusiya isə Ukraynanın paytaxtı Kiyev və digər böyük şəhərlərinə zərbələr endirir. Eyni zamanda Qara dənizdə Ukrayna sahillərinə tətbiq olunan blokada da davam edir”.
S.Məmmədov hazırkı mərhələdə tərəflərin əsas hədəflərindən birinin qarşı tərəfi iqtisadi və hərbi baxımdan tükəndirmək olduğunu bildirib: “Hazırkı mərhələdə tərəflərin əsas məqsədlərindən biri qarşı tərəfi iqtisadi və hərbi baxımdan tükəndirməkdir. Ukraynanın məqsədi işğal olunmuş ərazilərini azad etmək və suverenliyini qorumaqdır. Rusiyanın isə Ukraynanın dərinliklərinə zərbələr endirməklə Kiyevi sülhə məcbur etməyə və Qərbi də bu prosesə cəlb edərək Ukraynaya təzyiq göstərməyə çalışdığı görünür. Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri Moskvanın logistikasına və enerji infrastrukturuna ciddi təsir göstərə bilər. Xüsusilə neft emalı zavodlarının hərbi obyekt kimi nəzərdə tutulmaması onların müdafiəsini çətinləşdirir. Buna görə də Rusiya son dövrlərdə həmin obyektlərin mühafizəsini gücləndirməyə çalışır. Ukraynanın bu zərbələri əsasən Rusiyanın logistikasını zəiflətməyə və onun hücum imkanlarını məhdudlaşdırmağa yönəlib”.

S.Məmmədov uzaqmənzilli zərbələrin taktiki üstünlük yarada biləcəyini, lakin bunun müharibədə həlledici dönüş üçün kifayət etmədiyini vurğulayıb: “Lakin strateji baxımdan bu addımların müharibənin gedişatında həlledici dönüş yaradacağı qənaətində deyiləm. Taktiki baxımdan Ukrayna müəyyən uğurlar əldə edə bilər, lakin bu, təkbaşına qələbə üçün kifayət deyil. Rusiya ərazisinin dərinliklərinə zərbələrlə yanaşı, Ukrayna quru cəbhəsində də irəliləyiş əldə etməlidir. Hazırda isə bunun əksini müşahidə edirik. Ukrayna yalnız məhdud ərazilərdə irəliləyə bildiyi halda, Rusiya Dnepropetrovsk və Donetsk istiqamətlərində hücumlarını davam etdirir. Bəzi yaşayış məntəqələrində əhalinin təxliyəsi də həyata keçirilir. Müharibə tədricən tərəflərin bir-birini tükəndirməsi mərhələsinə keçir. Cəbhədəki vəziyyətin dəyişməməsi, uzaqmənzilli zərbələrin intensivləşməsi və hər iki tərəfin hərbi imkanlarını qorumağa çalışması münaqişənin yaxın müddətdə başa çatması ehtimalını azaldır”.
Nigar Xəlilli
13:30 24.08.2026
Oxunuş sayı: 51