ABŞ ilə əməkdaşlıq Azərbaycanda rəqəmsal inkişafı gücləndirir - RƏY
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Tərəflər arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Orta Dəhlizin və TRIPP marşrutu təşəbbüsünün beynəlxalq ticarətin inkişafı, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolu vurğulanıb.
Məsələnin mahiyyəti ilə əlaqədar Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib: "ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. Bu, praktik olaraq, ölkələr üçün fərqli sektorlarda əməkdaşlığın dərinləşməsi baxımından yeni imkanlar yaradır. ABŞ ilə əməkdaşlıq, təbii ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından çox vacibdir. Çünki bu, praktik olaraq, fərqli sektorlara innovasiya və texnologiyanın cəlb edilməsinə imkan yaradır. Bu da, təbii ki, xüsusilə iqtisadiyyatın strukturunun dəyişdirilməsi baxımından çox əhəmiyyətlidir”.

Onun fikrincə, burada süni intellekt və rəqəmsal həllərlə bağlı əməkdaşlığı xüsusi vurğulamaq lazımdır: “Çünki Azərbaycanda süni intellekt və rəqəmsal inkişaf iqtisadi siyasətin yeni prioritetlərindəndir. Bununla bağlı Rəqəmsal İnkişaf üzrə Şura yaradılıb. Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə şuranın ilk iclasında strateji olaraq bu istiqamətdə Azərbaycanda həyata keçiriləcək işlər və strateji hədəflər müəyyənləşdirildi.
Həmin strateji istiqamətlərdən biri də məhz xarici sərmayədarların cəlb edilməsi, yeni innovativ ekosistemin qurulmasıdır. Sözsüz ki, xarici investorlar ölkəyə həm də texnologiya və innovasiya gətirirlər. O kontekstdən, təbii ki, ABŞ ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının fərqli sahələrinə, o cümlədən rəqəmsal inkişafa çox müsbət təsir göstərir".
Turqut Ansari
17:30 08.07.2026
Oxunuş sayı: 58