Azərbaycan TDT daxilindı leytmotivdir- Sabiq nazir detalları açıqladı
Türk dünyasının birliyi və strateji tərəfdaşlığı bu gün həm mənəvi, həm də iqtisadi müstəvidə yeni bir intibah dövrünü yaşayır. Azərbaycanın bu prosesdəki liderlik rolu və qazandığı tarixi zəfərlər bütün türk dövlətləri üçün sarsılmaz bir güc mənbəyinə çevrilmişdir. Ortaq dil, əlifba və mədəniyyət bizi bir-birimizə bağlayan ən möhkəm tellər olduğu kimi, iqtisadi sahədəki sıx əməkdaşlıq da xalqlarımızın rifahı üçün böyük perspektivlər vəd edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdəki fəaliyyəti ortaq keçmişimizi gələcəyin qlobal siyasi gücünə çevirmək yolunda mühüm addımdır. Bu inteqrasiya təkcə dövlətlərimizin deyil, həm də bütün regionun sabitlik və inkişaf zəmanətinə çevrilir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova son müsahibəsində Azərbaycanın Türk dövlətləri arasındakı inteqrasiya proseslərində oynadığı həlledici rolu diqqət mərkəzinə çəkib. O qeyd edib ki, Azərbaycanın qlobal siyasi arenada artan nüfuzu və xüsusilə ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfəri, Türk dünyasının vahid bir güc mərkəzinə çevrilməsi yolunda ən mühüm amillərdən biridir.
Aktotı Raimkulovanın fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs təkcə regional təhlükəsizliyi təmin etmir, həm də ortaq mədəni-mənəvi dəyərlər ətrafında sıx birliyin yaranmasına xidmət edir. Bu kontekstdə, Azərbaycanın həm diplomatik uğurları, həm də "yumşaq güc" vasitəsilə türk irsinin dünyada tanıdılması istiqamətindəki fəaliyyəti, gələcəyin qlobal geosiyasi mənzərəsində Türk dünyasının mövqeyini daha da sarsılmaz edir.

Məsələ ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verib:
"Mən bunu sadəcə alqışlayıram. Elə bir təşkilat yaradılıb ki, hətta onların ortaq əlifbası belə var. Biz bu gün hər hansı bir özbək və ya qazax türkü ilə danışanda bir-birimizi başa düşürük. Eyni zamanda iqtisadi olaraq çox böyük üstünlükləri var. İqtisadi əməkdaşlıq nə qədər güclü olsa, ölkələrimiz üçün bir o qədər faydalı olar".
Turqut Ansari
19:47 22.04.2026
Oxunuş sayı: 56