Birgə təlimlər orduların hazırlığını hansı səviyyəyə qaldırır?
Türkiyənin Konya şəhərində beynəlxalq hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Müxtəlif ölkələrdən olan hərbçilərin iştirakı ilə keçirilən
“Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq
axtarış-xilasetmə təliminə start verilib.
Təlim çərçivəsində iştirakçı qüvvələrin qarşılıqlı fəaliyyət
qabiliyyətinin artırılması və real əməliyyat şəraitində koordinasiyanın təkmilləşdirilməsi
əsas məqsədlərdən biridir.
Təlim zamanı qəza vəziyyətlərində ekipaj üzvlərinin
axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də mürəkkəb relyef şəraitində
əməliyyatların icrası, pilotların təhlükəsiz təxliyəsi və havadan dəstəyin təşkili
kimi vacib tapşırıqlar icra olunur.
Eyni zamanda, iştirakçı ölkələrin hərbçiləri arasında təcrübə
mübadiləsi aparılır, idarəetmə mexanizmləri və şəxsi heyətin peşəkar hazırlıq səviyyəsi
daha da inkişaf etdirilir.
Keçirilən təlim həmçinin iki qardaş ölkə arasında olan əlaqələrlə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Anadolu Ankası 2026 təlimləri Türkiyədə bundan əvvəl
keçirilmiş analoji hərbi təlimlərin məntiqi davamıdır. Hər il Azərbaycan hərbçiləri
Türkiyənin Konya, İstanbul, Ankara, İzmir və digər şəhərlərində təşkil olunan təlimlərdə
fəal iştirak edirlər. Bu təlimlər həm ikitərəfli, həm də bəzən üçtərəfli
formatda keçirilir və Azərbaycan, Türkiyə, eləcə də Gürcüstan hərbçilərini əhatə
edir.
Cari təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti
ilə yanaşı, hava hücumundan müdafiə bölmələri də iştirak edir. Ümumilikdə, bu
cür təlimlərin əsas məqsədi hərbi birləşmələrin döyüş qabiliyyətinin
artırılması, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və
koordinasiyanın gücləndirilməsidir.
Son dövrlərdə regionda baş verən hadisələr fonunda bu təlimlərin
əhəmiyyəti daha da artmışdır. 2024–2025-ci illərdə həyata keçirilmiş fəaliyyətlərin
2026-cı ildə daha da təkmilləşdirilməsi bu prosesin davamlı xarakter daşıdığını
göstərir. Müntəzəm keçirilən bu təlimlər hərbçilərimizin peşəkarlıq səviyyəsinin
yüksəldilməsində mühüm rol oynayır.
Baxmayaraq ki, Azərbaycan torpaqları artıq işğaldan azad
olunub, buna baxmayaraq ordunun döyüş hazırlığının daim yüksək səviyyədə
saxlanılması zəruridir. Şəxsi heyət istənilən anda qarşıya qoyulan tapşırıqları
yerinə yetirmək üçün hazır olmalıdır.
Qeyd etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələri NATO üzvü
olan ölkənin ordusu kimi daha genişmiqyaslı təlimlərdə iştirak edir. Bu
baxımdan, qardaş Türkiyə hərbçilərinin əldə etdiyi təcrübə və bacarıqların Azərbaycan
hərbçiləri tərəfindən mənimsənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Şəxsi mövqeyim ondan ibarətdir ki, gələcəkdə bu təlimlərin
miqyası daha da genişləndirilməlidir. Əgər hazırda təlimlərdə müəyyən sayda
bölük və ya tabor iştirak edirsə, perspektivdə iştirakçı sayının artırılması məqsədəuyğun
olardı. Şübhəsiz ki, bu, əlavə maliyyə və logistika xərcləri tələb edir. Lakin
müasir dövrdə baş verən geosiyasi proseslər fonunda təhlükəsizlik məsələlərinə
qənaət prizmasından yanaşmaq doğru olmaz.
Bu səbəbdən, gələcəkdə təlimlərə cəlb olunan hərbçilərin
sayının artırılması və əməkdaşlığın daha da dərinləşdirilməsi vacib hesab
olunur".
Elmir Heydərli
14:30 09.04.2026
Oxunuş sayı: 1017