Azərbaycanla Şimali Kipr arasında təhsil əməkdaşlığı daha da güclənir - Rəy
Elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq müasir dövrdə ölkələrin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu baxımda elm və təhsil naizid Emin Əmrullayev ilə Şimali Kiprdən olan həmkarı Ünal Üstel arasında keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı Şimali Kipr ilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bu cür görüşlər qarşılıqlı təcrübə mübadiləsi və təhsil sistemlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm rol oynayır.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dövləti Şimali Kipr Respublikası ilə əlaqələrə hər zaman xüsusi önəm verib və bu münasibətlərin inkişafına davamlı töhfə göstərib.

Deputat vurğulayıb ki, bu kimi görüşlər və təşəbbüslər yüksək qiymətləndirilməlidir: “Şimali Kipr ilə təhsil sahəsində artıq formalaşmış və davamlı inkişaf edən əməkdaşlıq mövcuddur. Hazırda çoxlu sayda azərbaycanlı tələbə bu ölkədə təhsil alır və müxtəlif ixtisaslar üzrə mütəxəssis kimi formalaşır”.
C.Məmmədov qeyd edib ki, qarşılıqlı səfərlər, görüşlər və fikir mübadiləsi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir: “Bu cür təmaslar təhsil sahəsində əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinin güclənməsinə və yeni təşəbbüslərin formalaşmasına şərait yaradır”.
Deputat əlavə edib ki, aparılan müzakirələr və birgə fəaliyyət perspektivləri ümumilikdə prosesə müsbət təsir göstərir və münasibətlərin inkişafına töhfə verir: “Bu baxımdan belə görüşlər xüsusi önəm daşıyır və Azərbaycanla Şimali Kipr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir”.
Mehriban Yariyeva
18:17 08.04.2026
Oxunuş sayı: 55