Azərbaycan Şimali Kiprə mühüm dəstək verir - Rəy
Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Kipr türk xalqının haqq işinə göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür etməsi, Azərbaycanın bu məsələdə prinsipial və ardıcıl mövqe sərgilədiyini bir daha gündəmə gətirir. Rəsmi Bakının uzun müddətdir Şimali Kipr türklərinə siyasi və mənəvi dəstək verməsi, onların beynəlxalq müstəvidə görünürlüğünün artırılmasına yönəlmiş addımları bu münasibətlərin strateji xarakter daşıdığını göstərir.
Bu kontekstdə Azərbaycanın göstərdiyi dəstəyin mahiyyəti və onun regionda, eləcə də türk dünyası daxilində yaratdığı təsir xüsusi diqqət çəkir. Bu yanaşma həm həmrəylik mesajı kimi çıxış edir, həm də gələcəkdə siyasi və diplomatik müstəvidə yeni imkanların formalaşmasına zəmin yaradır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Crossmedia.az-a açıqlama verib:

"Şimali Kipr Türk Dövlətinə Azərbaycanın dəstəyi əvvəldən mövcuddur. Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsində və formalaşmasında əvəzsiz rol oynayır. İlham Əliyevin fikrincə, bizim evimiz Türk dünyasıdır. Türk dünyasının və Türk dövlətlərinin təşkilatının güclənməsi, onun hərtərəfli inkişafı Azərbaycan üçün əsas prioritetlərdən biridir. Buna nümunə olaraq Kıbrıs Türk Cümhuriyyəti Prezidentlərinin ölkəmizə dəfələrlə səfər etməsi göstərilə bilər. Təşkilatın üzvü olmaması – yalnız müşahidəçi statusu – baxmayaraq, bu ölkənin prezidentinin və Baş nazirinin tədbirlərinə dəvət olunması Azərbaycanın açıq və konkret mövqeyini nümayiş etdirir. Artıq Azərbaycan və Kipr arasında parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. Mən də işçi qruplarının ilk iclasında Kipr nümayəndələri ilə birgə olmuşam və o zamandan bəri parlamentlərarası münasibətlər formalaşıb. Azərbaycan bu münasibətlərə xüsusi önəm verir və onları davamlı olaraq inkişaf etdirir".
Deputat əlavə edib ki, zaman-zaman Azərbaycan-Şimali Kipr münasibətləri, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əlaqələrimiz də inkişaf mərhələsindədir: "Bu, ölkəmizin təşkilatın güclənməsinə verdiyi önəmi göstərir. Digər tərəfdən, Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Baş nazirlərinin zirvə toplantısı zamanı Şimali Kipr nümayəndələri də iştirak edərək bu əlaqələri möhkəmləndiriblər. Beləliklə, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətləri artıq inkişaf mərhələsindədir və gələcəkdə bu təşkilatın güclənməsi və hərtərəfli inkişafında lokomotiv rolunu oynayan ölkələrdən biri də Azərbaycandır. Azərbaycan verdiyi önəmi həm Kipr, həm də digər üzv dövlətlərlə əməkdaşlıqda davam etdirir və bu, təşkilatın gələcək inkişaf strategiyasına töhfə verir".
Ayhan
12:05 04.04.2026
Oxunuş sayı: 312