Tural Abbaslı Hafiz Hacıyevin fikirlərinə münasibət bildirdi: Kimsə deyə bilməz ki...
Məhz bu kontekstdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Crossmedia.az-a müsahibəsində Türk dünyası ilə Azərbaycan arasında münasibətləri pozmaq istəyən qüvvələrin də mövcud olduğunu bildirib. Onun sözlərinə görə, müəyyən dairələr müxtəlif siyasi və informasiya vasitələri ilə bu əlaqələrə xələl gətirməyə çalışırlar. Partiya sədrinin səsləndirdiyi bu fikirlər geniş ictimai rezonans doğurub.
Ağ partiya sədri Tural Abbaslı bu barədə Crossmedia.az-a açıqlama verib: "Təbii ki, Azərbaycanın öz maraqları var və bu da tamamilə normaldır. Eyni zamanda istər qonşu dövlətlər, istərsə də Azərbaycanla əlaqədə olan digər ölkələr də öz maraqlarını güdürlər. Hər bir dövlət öz maraqlarının təmin olunması üçün çalışır. Məsələn, Rusiya çalışır ki, Azərbaycan MDB çərçivəsində fəaliyyətini gücləndirsin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olsun. Digər tərəfdən, Avropa Birliyi çalışır ki, Azərbaycan NATO ilə əməkdaşlıq etsin, Avropa İttifaqı ilə əlaqələrini daha da genişləndirsin və onların siyasi-iqtisadi təsir dairəsində olsun. İran isə çalışır ki, Azərbaycan onun yürütdüyü dini xəttin təqibçisi olsun və bu xətti dəstəkləsin. İsrail isə istəyir ki, Azərbaycan İslam dünyası çərçivəsində ona dəstək verən əsas dövlətlərdən biri olsun və lazım gəldikdə İsrailin maraqlarını, xüsusilə də İranla bağlı məsələlərdə təmin etsin. Bu qüvvələrin hər birinin öz siyasi xətti və yürütdüyü siyasət var. Bu fəaliyyətlərə təbii ki, təxribatlar, dezinformasiyalar, həmçinin siyasi və iqtisadi təsir cəhdləri də daxildir.
Amma burada əsas məsələ odur ki, Azərbaycanın öz xətti nədir, Azərbaycanın siyasi kursu nədir və ölkə hansı istiqamətdə inkişaf etməyi hədəfləyir, harada təmsil olunmaq istəyir. Ölkə başçısı bir dəfə çıxışında qeyd etmişdi ki, biz Rusiyaya inteqrasiya etmək istəmirik. Bizim inteqrasiya etmək istədiyimiz məkan Türk və İslam dünyasıdır. O halda biz özümüz bu istiqamətdə addımlar atmalıyıq. Yəni Türk dünyası ilə yaxınlaşma, ortaq əlifbanın formalaşdırılması, ortaq televiziya platformalarının yaradılması, ortaq iqtisadi fəaliyyətin gücləndirilməsi, qanunvericiliklərin bir-birinə uyğunlaşdırılması kimi addımlar atılmalıdır".
T.Abbaslı qeyd edib ki, digər qüvvələr Azərbaycanın Türk və İslam dünyasına inteqrasiyasında maraqlı olmaya bilər və bu istiqamətdə müəyyən addımlar ata bilərlər: "Amma əsas məsələ onların nə etməsi deyil. Əsas məsələ bizim nə istədiyimiz və hansı addımları atdığımızdır. Əsas sual budur: biz onların qurduğu oyunlara, siyasi və iqtisadi tələlərə düşəcəyikmi, yoxsa öz kursumuzla davam edəcəyik? Yoxsa Türkiyə ilə yaxınlaşma və Türk dünyası ilə inteqrasiya istiqamətində soyuqqanlı və ardıcıl şəkildə irəliləyəcəyik? Yoxsa belə olacaq ki, Türkiyənin hansısa televiziya kanalında hansısa şərhçi Azərbaycan haqqında mənfi fikir səsləndirən kimi, bütün Azərbaycan mediası Türkiyəyə qarşı yönələcək? Yaxud sabah hansısa siyasi məsələdə fikir ayrılığı yaranan kimi, bu strateji xəttə zərbə vuran addımlar atılacaq? Burada yenə qeyd edirəm: kimsə deyə bilməz ki, niyə Azərbaycan filan istiqamətdə siyasi addımlar atır və ya niyə bu istiqamətdə irəliləyir. Əsas məsələ budur ki, Azərbaycan özü öz kursuna nə qədər sadiqdir, bu kursu nə qədər davamlı şəkildə həyata keçirir və hazırda dünyada baş verən gərginliklər fonunda nə dərəcədə soyuqqanlı davranmağı bacarır. Yəni əsas məsələ ondan ibarətdir ki, biz dövlət olaraq öz yolumuzu və siyasi kursumuzu düzgün müəyyənləşdirək və doğru istiqamətdə hərəkət edək. Əgər bu belə olsa, kimin nə istədiyinin, hansı təxribatları etməyə çalışdığının və hansı siyasi gedişlər planlaşdırdığının bizə ciddi təsiri olmayacaq. Amma əgər biz öz yolumuzdan yayınsaq, o zaman təbii ki, həmin addımların təsiri də ola bilər".
Ayhan
16:07 13.03.2026
Oxunuş sayı: 51