Türk dövlətləri öz “Erasmus proqramı”nı niyə yaratmır?
Türk dünyasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində son illərdə mühüm addımlar atılsa da, bu proses hələ də əsasən dövlətlərarası əməkdaşlıq çərçivəsində məhdudlaşır.
Halbuki, Avropada Erasmus+ kimi proqramlar gənclərin
akademik mobilliyini, ortaq dəyərlərin formalaşmasını və uzunmüddətli
inteqrasiyanı təmin edən ən təsirli mexanizmlərdən biri kimi çıxış edir. Bu
baxımdan, Türk dövlətləri arasında oxşar, institusional və davamlı bir təhsil
mübadilə sisteminin olmaması ciddi suallar doğurur.
Bu araşdırma Türk Dövlətləri
Təşkilatı üzv ölkələrində niyə Erasmus tipli vahid və genişmiqyaslı ortaq təhsil
proqramının hələ formalaşmadığını, mövcud hüquqi, maliyyə və institusional maneələri
təhlil etməyi məqsəd qoyur. Eyni zamanda, belə bir proqramın yaradılmasının
hansı strateji üstünlüklər verə biləcəyi və Türk dünyasında inteqrasiyanı hansı
səviyyəyə daşıya biləcəyi araşdırılır.
Məqalədə həm Avropa təcrübəsinin əsas prinsipləri, həm də Türk dövlətlərinin sosial, iqtisadi və siyasi reallıqları müqayisəli şəkildə nəzərdən keçiriləcək. Əsas sual isə budur: ortaq tarix, dil və mədəniyyət zəminində birləşən Türk dövlətləri üçün vahid akademik mobillik proqramı real perspektivdirmi, yoxsa bu ideya hələlik siyasi iradə və institusional mexanizmlərin yetərsizliyi səbəbindən kağız üzərində qalır?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Təbii ki, tələbə
mübadiləsi proqramlarını, məsələn, Erasmus və ya digər oxşar proqramlar çərçivəsində
həyata keçirmək mümkündür. Eyni zamanda, türkdilli dövlətlərin təhsil və digər
sahələrdə əlaqələrinin genişləndiyini görürük. Yəqin ki, qarşıdakı illərdə
türkdilli dövlətlərin universitet tələbələrinin bu mübadilə proqramlarında
iştirakını da müşahidə edəcəyik.
Bildiyim qədər, bu istiqamətdə müzakirələr aparılır və bəzi türkdilli ölkələrdə Azərbaycan tələbələri artıq təhsil alır. Eyni zamanda, bizim tələbələrimiz Türkiyə, Özbəkistan, Qazaxıstan və digər türkdilli dövlətlərdə təhsil almaqdadır.
Əlbəttə, belə bir proqramın
türkdilli dövlətlər arasında vahid bir platforma altında yaradılması
perspektivi də mövcuddur. Yaxın zamanda buna dair addımların atılması
mümkündür. Xatırladacağınız kimi, bir müddət öncə vahid türkdilli əlifbanın
yaradılması istiqamətində işlər aparıldı, indi isə vahid türk dilinin
formalaşdırılması məsələsi müzakirə olunur.
Bu məntiqi ardıcıllıq çərçivəsində,
tələbə mübadiləsi proqramlarının da müəyyən bir ad altında həyata keçirilməsi
mümkündür".
Elmir Heydərli
14:53 17.02.2026
Oxunuş sayı: 1051