Tbilisidə etirazçılar Rustaveli prospektini və Azadlıq meydanını bağlayıblar

Tbilisidə Etirazçılar Rustaveli Prospektini və Azadlıq Meydanını Bağlayıblar
Gürcüstan mediasının məlumatına görə, Tbilisidə etirazçılar şəhərin mərkəzi – Rustaveli prospektində və Azadlıq meydanında avtomobil hərəkətini tamamilə dayandırıblar. Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Etiraz aksiyası tələbələrin yürüşü ilə başlayıb. Təşkilatçılar bu aksiyanı “hakimiyyətin dinc yolla devrilməsi” və “bayraqların dinc inqilabı” adlandırırlar.
Etiraz aksiyasının təşkilat komitəsinə ictimai xadim Paata Burçuladze, “Milli Hərəkat”ın üzvü İrakli Nadiraadze, sabiq prokuror Murtaz Zodelava, “Aqmaşenebeli Strategiyası”nın üzvü Paata Manjgaladze və polkovnik Laşa Beridze daxil olublar. Əsas çıxışların axşama doğru planlaşdırıldığı, iştirakçılara isə növbəti addımlar barədə bəyanat təqdim ediləcəyi gözlənilir.
İctimai təhlükəsizlik və asayişin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq polis bölmələrinin əməkdaşları Tbilisinin müxtəlif yerlərində, o cümlədən şəhər meriyası binasında, səhnənin yaxınlığında və ətrafında yerləşdiriliblər.
Artıq məlumdur ki, etiraz aksiyasına paytaxt sakinləri ilə yanaşı, regionlardan gələn nümayişçilər də qoşulacaq.
18:17 04.10.2025
Oxunuş sayı: 2795