Sibiga Avropaya kəskin çağırışla müraciət edib

Sibiga Rusiya tərəfindən Ukraynanın energetika infrastrukturuna endirilmiş zərbələrdən sonra Avropaya kəskin çağırışla müraciət edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiga 2 oktyabr tarixində Xarkov və Poltava vilayətlərində Rusiyanın həyata keçirdiyi enerji infrastrukturuna genişmiqyaslı hücuma reaksiya verib. Onun sözlərinə görə, bu, müharibə başlayandan bəri Ukraynanın qaz hasilatı obyektlərinə qarşı ən böyük hücum olub. Bu barədə nazir sosial şəbəkə X-dəki səhifəsində yazıb.
Sibiganın bildirdiyinə görə, bu hücum zamanı ruslar 60 pilotsuz uçuş aparatı (PUA) və 35 raketdən istifadə ediblər.
“Rusiya soyuğu yenidən ukrayna xalqına qarşı soyqırımı müharibəsində silah kimi istifadə etməyə çalışır. Bu cinayət Soyqırımı Konvensiyasının II maddəsinə aiddir. Biz beynəlxalq ictimaiyyəti qətiyyətli addımlar atmağa çağırırıq. Ukraynanın öz enerji şəbəkəsini qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinə, habelə rus terror vasitələrini məhv etmək üçün uzaq mənzilli silahlara ehtiyacı var”, – deyə diplomat vurğulayıb.
Nazirin sözlərinə görə, Ukraynanın həmçinin təcili enerji yardımına – əlavə enerji resurslarına ehtiyacı var ki, bu da ölkəyə Rusiya Federasiyasının başladığı genişmiqyaslı müharibə dövründə artıq dördüncü qışı keçirməyə kömək edəcək.
“İlk növbədə, ümumi Avropa hava qalxanı yaratmağın vaxtıdır – Ukrayna və Avropa tərəfdaşları birlikdə. Biz Rusiya təhlükələrinə birgə müqavimət göstərə bilərik, istər Ukraynanın enerji sisteminə raket zərbələri, istərsə də Baltikyanı ölkələrin, Şimali Avropanın, Polşanın, Rumıniyanın və Mərkəzi Avropanın digər ölkələrinin hava məkanının pozulması olsun – fərqi yoxdur. Heç bir ölkə rus dronları və raketlərinə qarşı təkbaşına mübarizə aparmamalıdır. Güclərimizi birləşdirsək, birgə müdafiəni təmin edə bilərik”, – deyə Sibiga əlavə edib.
Səbiyyə Zayirova
10:59 04.10.2025
Oxunuş sayı: 2786