Fransız politoloq: Fransada müsəlmanlara qarşı “institusional ayrı-seçkilik” mövcuddur

Cenevrədə BMT-nin mənzil-qərargahında keçirilən insan haqları konfransında çıxış edən fransız politoloq Fransua Burqa Fransada müsəlmanlara qarşı “institusional ayrı-seçkilik” tətbiq olunduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Burqa qeyd edib ki, 2021-ci ildə qəbul edilən “separatizm” haqqında qanun ölkədə müsəlmanlara qarşı repressiyaları gücləndirib. Onun sözlərinə görə, Fransada İslamofobiyaya qarşı Kollektivin (CCIF) ləğvi bu prosesdə dönüş nöqtəsi olub.
Sözügedən qanun assosiasiyalar, dini fəaliyyətlər və xarici maliyyələşmə üzərində dövlət nəzarətini sərtləşdirib. Sonrakı illərdə müsəlman təşkilatları, təhsil müəssisələri və hətta nəşriyyatlara qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.
“Əksər siyasi partiyaların İsraili dəstəkləməsinin əsasında İslamofobiya dayanır”, — deyə Burqa bildirib. O, bu problemi dini münaqişə kimi təqdim etməyin yolverilməz olduğunu, əslində bunun Fransa cəmiyyətində müsəlmanların bərabər şəkildə söz demək imkanına qarşı müqavimət olduğunu vurğulayıb.
Politoloq əlavə edib ki, bu gün Fransada müsəlmanların yeni nəsli dil, mədəniyyət və sosial status baxımından ictimaiyyət qarşısında söz demək gücünə malikdir. Onun fikrincə, bu, demokratik inkişafdır, lakin eyni zamanda radikal sağ ritorikanın yayılmasına ziddir.
Bununla belə, Burqa qeyd edib ki, hələlik güc balansını dəyişə biləcək “güclü ideoloji tendensiya” mövcud deyil:
“Hazırda mən pessimistəm, amma ümid edirəm ki, gələcək hadisələr məni təkzib edəcək”, — deyə o vurğulayıb.
Xumar Emilqızı
21:41 03.10.2025
Oxunuş sayı: 809