ABŞ nümayəndə heyəti Ermənistanın Sünik bölgəsində sərhəd təhlükəsizliyini qiymətləndirir

ABŞ-nin gömrük və sərhəd təhlükəsizliyi üzrə nümayəndə heyəti Ermənistana səfər edib. Səfər avqustun 8-də Vaşinqtonda imzalanmış və Sünik (Zəngəzur) üzərindən keçən “TRIPP marşrutu” ilə bağlı sənədlərin icrası çərçivəsində həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i ABŞ-ın Yerevandakı səfirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ mütəxəssisləri 29 sentyabr – 11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələrinin imkanlarını qiymətləndirəcək, mövcud vəziyyəti təhlil
edəcək və təkmilləşdirilməsinə ehtiyac olan istiqamətləri müəyyənləşdirəcəklər.
Amerika tərəfi hesab edir ki, digər ölkələrdə tətbiq edilən metodika Ermənistanın da sərhəd təhlükəsizliyini möhkəmləndirməsinə və strateji investisiya tələb edən sahələri dəqiqləşdirməsinə imkan verəcək.
Səfirlikdən bildirilib ki, ABŞ nümayəndə heyətinin səfəri layihənin həyata keçirilməsi istiqamətində tərəfdaşlığın qurulması yolunda ilk addımdır.
Xumar Emilqızı
21:38 03.10.2025
Oxunuş sayı: 860