Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərgi açılıb

Oktyabrın
2-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və
musiqi, rənglər və düşüncələr“ adlı sərginin açılışı olub.
Crossmedia.az xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyət Mərkəzinin
Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi,
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Dövlət Musiqi Mədəniyyəti
Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası və ADA Universiteti ilə əməkdaşlığı
nəticəsində reallaşıb.
Sərginin mərkəzində
Mirzə Qədim İrəvani, Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi və Mirzə Fətəli
Axundzadənin həyat və yaradıcılığı, onların Azərbaycan mədəniyyətinə bəxş
etdikləri müasir baxışları, maarifçilik ideyaları dayanıb.
Sərginin
açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova
bildirib ki, sərgidə təqdim olunan şəxsiyyətlər Azərbaycanda milli-mədəni
kimliyin formalaşmasında misilsiz xidmətlər göstəriblər. Azərbaycanda ilk dram əsərləri,
milli teatr, milli mətbuat, milli opera, dəzgah rəssamlığı və bir sıra digər
istiqamətlər üzrə ilklər məhz bu şəxsiyyətlərin adı ilə bağlıdır.
L.Qasımova,
həmçinin qeyd edib ki, bu il, eyni zamanda sərgidə təqdim olunan görkəmli şəxsiyyətlərin
ikisinin – Üzeyir Hacıbəylinin 140 və Mirzə Qədim İrəvaninin 200 illik
yubileyi, Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının isə
150 illik yubileyidir.
Azərbaycan
Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxışında XIX əsr
milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin
ömür yolu və yaradıcılığından danışıb.
O qeyd edib
ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və
xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri
ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri
sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif
koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir
gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri
kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Diqqətə
çatdırılıb ki, bu sərgi Mirzə Qədim İrəvaninin əsərlərinin Avropada ilk təqdimatıdır.
Sərgidə, həmçinin Azərbaycan Milli elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Azərbaycan“ qəzeti (1918-ci il nüsxələri), “Məktəb“ jurnalı (1916-cı il nüsxələri) və “Babayi-Əmir“ jurnalı (1915-ci il nüsxələri) nümayiş olunub, həmçinin ADA Universiteti tərəfindən buraxılmış kitablar sərgilənib.
Sərgidə görkəmli şəxsiyyətlər barəsində audiobələdçi təqdim olunub və sərgi iştirakçıları mobil telefonlarda QR kod vasitəsilə müxtəlif dillərdə (Azərbaycan, alman, ingilis, türk və italyan) ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, sərgi oktyabrın 4-də
Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“
layihəsi çərçivəsində geniş ictimaiyyətə təqdim olunacaq.(Azərtac)
00:17 03.10.2025
Oxunuş sayı: 1037