Xalq yazıçısı: Mətbuatda izah edirdik ki, bizim məqsədimiz ermənilərin ölməsi deyil - Müsahibə
Ədəbiyyat yalnız sözlərin və cümlələrin bir araya gətirilməsi deyil, həm də yazıçının yaşadığı dövrü, gördüyü hadisələri, keçirdiyi hissləri və həyata münasibətini əsərlərinə köçürməsidir. Zaman dəyişdikcə həm insan, həm də onun dünyaya baxışı dəyişir və bu dəyişiklik yazıçının yaradıcılığında da öz izini qoyur. Bəzən bir roman və ya hekayə bütöv bir dövrün mənzərəsini, cəmiyyətin ağrılarını, insanın daxili mübarizəsini, bəzən isə ümid və azadlıq duyğusunu əks etdirə bilir. Müasir dövrdə oxucu marağının dəyişməsi, internet və kino kimi yeni rəqiblərin meydana çıxması, süni intellektin ədəbiyyata təsiri, müharibə mövzusunun bədii əsərlərdə əksi və yeni nəsil yazıçıların yaradıcılığı isə ədəbiyyat qarşısında yeni suallar doğurur.
Ədəbiyyatın dəyişən zamanla münasibəti, yazıçının yaradıcılıq məsuliyyəti, müasir oxucunun gözləntiləri və sənətin gələcəyi barədə Xalq yazıçısı Natiq Rəsulzadə Crossmedia.az-a müsahibə verib:
-Siz uzun illərdir ədəbiyyatın içindəsiniz. Bu gün geriyə baxanda, yazıçılıq yolunuzda sizi ən çox dəyişdirən nə olub?
-Əvvəla onu deyim ki, mən geriyə baxmağı sevmirəm və bunun heç bir mənası da yoxdur. Mənim 10, 20, 30 il əvvəl yazdığım əsərlər var. Geriyə baxanda nə ssenari, nə də nəsr olsun, onları yenidən oxumaqdan xoşum gəlmir. Çox nadir hallarda həmin əsərləri təkrar oxuyuram. Çünki indi yazsaydım, həmin mövzuda, həmin qəhrəmanlarla tam başqa cür yazardım. Zaman dəyişir, zaman insanı da dəyişdirir. 30 il əvvəl mən başqa bir insan idim. O əsəri yazdım, roman çap olundu, oxucular tərəfindən qəbul edildi. Amma indi həmin əsəri yazsaydım, tam başqa cür yazardım.
-İndiki oxucu ilə əvvəlki nəsil oxucu arasında ciddi fərq yaranıb. Sizcə, sosial şəbəkələr və sürətli informasiya dövründə insanı kitabın qarşısında uzun müddət saxlamaq üçün ədəbiyyat nə etməlidir?
-Ədəbiyyat maraqlı olmalıdır, mütləq. Biz gileylənirik ki, oxucu kütləsi azalıb, internet gəlib kitabları kölgədə qoyub. Amma o ağlamaq vaxtı keçib. Bu, qaçılmaz vəziyyətdir. Geri dönmək mümkün deyil. Biz cavanlığımızı necə qaytara bilmiriksə, o zamanı da qaytara bilmirik. Böyük, qüdrətli ölkələrdə elə yazıçılar var ki, onların kitablarını həm öz ölkələrində, həm də xaricdə milyonlarla insan oxuyur, əsərləri tərcümə olunur və böyük rəğbətlə qarşılanır. Niyə? Çünki maraqlı, istedadlı, dərin və zamana uyğun yazırlar. Əgər yaxşı, maraqlı əsər ortaya çıxsa, xüsusilə nəsrdən danışıram, onun yenə də oxucusu olacaq. Poeziya bir növ spesifik janrdır, amma nəsrin, xüsusilə kriminal və detektiv janrında yazılan maraqlı əsərlərin milyonlarla oxucusu olur.
-Bir vaxtlar kitablarınız Azərbaycanda və Moskvada böyük tirajlarla çap olunurdu. Bu gün həmin oxucu marağını və böyük tirajları nə dəyişdi?
-Bəli, elə vaxt olub ki, mənim cavanlığımda kitablarım böyük tirajlarla çıxırdı. Böyük ölkə idi. O zaman Sovet dövrü idi. Onun müsbət və mənfi halları vardı. Mənə çox təsir edən mənfi cəhətlərdən biri senzuranın olması idi. Ədəbiyyata, incəsənətə, bütün sənət növlərinə senzura müdaxilə edirdi. Ona görə də o senzura ilə mübarizə aparmaq çox çətin məsələ idi. Amma müsbət tərəfi də o idi ki, kitabdan, jurnaldan və televiziyanın iki-üç proqramından başqa əyləncə çox az idi. Kinoteatrlarda Hollivud filmləri göstərilmirdi, internet yox idi. Əyləncə kitab idi. Ona görə oxucu kitabları sevirdi, oxuyurdu, alırdı. Bakının özündə mənim kitablarım 30-40 min tirajla çıxırdı. Bu, bir tərəfdən yazıçının nailiyyəti olsa da, digər tərəfdən zamanın və oxucunun nailiyyəti idi. Çünki oxucunun kitabdan başqa çox şeyi yox idi. Yadımdadır, Moskvada da, Bakıda da metroda, nəqliyyatda sərnişinlər kitab və jurnal oxuya-oxuya gedirdilər. Amma yenə deyirəm, zamanı qaytarmaq mümkün deyil. Bu, qaçılmaz prosesdir. Kitabların əvəzinə internet gəlib. İndi kitab oxuyanlar, əsl kitabsevərlər qalıb. Məsələn, Azərbaycanda çıxan jurnalların tirajı son 20-30 ildə dəfələrlə azalıb.
-Siz əvvəllər ədəbiyyata marağın azaldığını, kinoya isə marağın artdığını qeyd etmisiniz. Bu gün süni intellekt, qısa videolar və rəqəmsal platformalar fonunda yazıçının əsas rəqibi artıq kino deyil, ümumiyyətlə, insanın diqqətidir demək olarmı?
-Necə olursa-olsun, kino yenə də nəsrə, kitablara çox güclü rəqibdir və kitablara onun səviyyəsinə çatmaq mümkün olmur. Çünki kinonun auditoriyası çox genişdir, kütləsi böyükdür. Kitab Bakıda 100, 300, 500 nüsxə çap olunanda, kinoya, yarım milyon adam baxa bilir. Lakin kino da internetin və süni intellektin qarşısında uduzur. Çünki onların imkanları daha çoxdur, xüsusilə də süni intellektin. Məncə, süni intellektə nəzarət etmək lazımdır. Mütləq insan tərəfindən ona nəzarət olunmalıdır. Çünki süni intellekt sabah gəlib bizim başımızın üstündə ağalıq etsə, bu, çox pis nəticə verə bilər. Bəzi yazıçılar süni intellekti bir yazıçı kimi, öz əvəzinə işlətməyə çalışırlar. Bu faktlar aşkarlanıb və nəşriyyatlar həmin müəllifləri rədd ediblər. Çünki yazıçı gərək özü yazsın. Nə süni intellektin köməyi ilə, nə süjeti tapmaqda, nə də redaktə etməkdə ondan istifadə etməlidir. Mən bir neçə müsahibəmdə də demişəm, bunu yenə təkrar etmək istəyirəm: süni intellekt, məncə, nəinki yazıçılıqla, ümumiyyətlə, bütün incəsənət növləri ilə məşğul ola bilməz. Çünki yazıçılıq, bəstəkarlıq, rəssamlıq, təsviri sənət, kino sənəti müəllifdən ən əvvəl intuisiyanı tələb edir. Süni intellektdə isə intuisiya yoxdur. İntuisiya ruhdan, qəlbdən gələn bir şeydir. İntellekt başqa şeydir. Süni intellekt şahmat oynaya bilər, dünya çempionuna da qalib gələ bilər. Amma intuisiyaya, əsər yazmağa, musiqi bəstələməyə gəldikdə bunu edə bilməz. O, bunu sxematik edir. Mən süni intellektin bir neçə işinə, yazılarına baxmışam, onlar çox sxematikdir. Xüsusilə analitik düşüncə tələb olunan janrlarda, məsələn, detektiv janrında maraqlı yaza bilir. Amma bu, sxemdir. Ona görə də süni intellektlə çox ehtiyatlı davranmaq lazımdır. Fantastik romanlarda da belə vəziyyətlər təsvir olunur. Düşünürəm ki, biz o vəziyyətə çatmarıq. Amma hələlik süni intellekt nə ədəbiyyata, nə musiqiyə, nə də başqa incəsənət növlərinə qarışmamalıdır. Bunun qarşısını almaq lazımdır və artıq bəzi yerlərdə konkret olaraq bunun qarşısını alıblar.
-Müharibə mövzusunda yazıçının mövqeyi necə olmalıdır? Yazıçı hadisələri sənədləşdirməli, yoxsa insanın yaşadığı ağrını ədəbiyyata çevirməlidir?
-Müharibə mövzusu çox ciddi və böyük məsuliyyət tələb edən mövzudur. Onunla çox ehtiyatlı davranmaq lazımdır. Müharibə müxtəlifdir. Bir müharibə var, sən öz vətənini qoruyursan, vətəninin düşmənini məhv edir, qovursan öz torpağından; bir müharibə də var ki, sən gəlib başqa torpaqları zəbt etmək istəyirsən. Amma müharibə, əlbəttə, müharibədir. Orada ölüm-itki, cavanları qurban vermək var. Bir sözlə desəm, mənim münasibətim çox mənfidir. Mümkün qədər müharibə yolu ilə deyil, diplomatik yolla bütün problemlər həll olunmalıdır. Böyük italyan yazıçısı Canni Rodarinin bir sözü yadıma düşür: “Dünyada heç bir yazıçı müharibənin qabağını ala bilməz. Amma buna cəhd eləmək lazımdır”. Bu, çox mənalı, dərin sözdür. Yazıçılıq sənəti elə bir şeydir ki, mümkün olmayan bir işi mümkün etməyə çalışırsan. Bilirsən ki, bu mümkün olmayacaq, amma buna baxmayaraq, yenə çalışırsan, əlindən gələni edirsən ki, bu mümkün olsun. Yazıçılıq sənəti buna görə də çox çətin, hətta deyərdim ki, çox üzücü sənətdir. Müharibə mövzusunda mənim üçün çox gözəl nümunələrdən biri Heminqueyin “Əlvida, silah!” romanı və Remarkın romanlarıdır. Bu iki müəllif mənə daha çox təsir edib. Onları 10-30 il əvvəl oxuyanda, hətta təkrar oxuyanda, onların müharibəyə münasibətini həmin romanlardan çox gözəl görmək olur. Çox təsiredici əsərlərdir. İndiki zamanda roman yazdın, şeir yazdın, hekayə, ssenari yazdın, bunlar birinci növbədə təsiredici olmalıdır. Oxucunu, tamaşaçını silkələməlidir.
-“Biz qayıdacağıq” əsəriniz Xocalı faciəsi ilə bağlıdır. Belə ağır tarixi hadisəni bədii əsərə çevirərkən yazıçı həqiqətlə ədəbiyyat arasında hansı sərhədi qoruyur?
-“Biz qayıdacağıq” Xocalı faciəsinə aid olan ssenaridir. Rəhmətlik Eldar Quliyev mənim ssenarim əsasında “Girov” filmini çəkib. Məncə, çox gözəl filmdir. Film ekranlara çıxanda birnəfəsə qəbul olunmadı. Süjet belədir: kənd qadınına girov verirlər və deyirlər ki, bu ermənini tutmuşuq, sən ərinin əvəzinə bunu saxla. Onun ərini ermənilər tutub saxlayırlar. Sonra məlum olur ki, ərini öldürüblər. Qadın tüfəngi götürüb girovun qarşısına çıxır. O səhnə hələ də gözümün qabağındadır. Çox təsiredici səhnədir. Amma qadın axırda onu vurmur, “Rədd ol!” deyir. Bu final birmənalı qəbul olunmadı. Çoxları deyirdi ki, “Gərək öldürəydi ermənini. Necə olur, onun ərini öldürüblər, bu isə onu buraxdı?” Mətbuatda Eldar Quliyevlə birlikdə izah edirdik ki, bizim məqsədimiz onların ölməsi deyil. Bizə onların torpağımızdan, vətənimizdən rədd olub getməsi lazımdır. Əsas fikir budur. Biz vurub-qıran, öldürən millət deyilik. Biz vətənimizi sevən, dostluğu sevən millətik. Cəllad millət deyilik. Bu ideyanı başa salmaq üçün çox çalışdıq. Axırda film yaxşı qəbul olundu və xaricdə də bir neçə mükafat aldı.
-Bu gün Azərbaycan ədəbiyyatında sizi düşündürən əsas problem nədir: oxucu çatışmazlığı, nəşr imkanları, ədəbi mühit, yoxsa yeni müəlliflərin yetişməsi?
-Bugünkü ədəbiyyatımızda problemlər az deyil. Sizin sadaladığınız problemlər də var. Amma elə problemlər var ki, ədəbiyyatda, incəsənətdə illər keçir, həmin problem artıq problem olmaqdan çıxır. Məsələn, yeni nəsil yazıçılar gəlsinlər, çox gözəl. Mən onların bəzilərini tanıyıram və görürəm ki, orada istedadlı insanlar da var. Amma elə adamlar, elə yazıçılar da var ki, açıq-aşkar konyunkturşidirlər. Bununla bağlı bir fakt yadıma düşür. Təxminən 40 il əvvəl Bakıda, Moskvada və xaricdə çıxan bir kitabım vardı. O kitab çox səs-küyə səbəb oldu və Sovet dövründə nəşr edildi. Bəlkə də, senzuranın olduğu bir vaxtda həmin kitabın böyük tirajla oxucuya çatması möcüzə idi. Mən cavan yazıçı idim, ikinci və ya üçüncü kitabım idi. Çalışırdım bütün bildiklərimi, oxuduqlarımı, eşitdiklərimi transformasiya edib həmin kitaba salım. Elə bilirdim ki, bu mənim sonuncu kitabımdır və sonra yazmağa vaxtım olmayacaq. Kitabda müxtəlif mövzulara toxunmuşdum. Narkomaniya mövzusu vardı. O zaman o qədər aktual deyildi, amma sonradan aktuallığı çox artdı. Həmçinin erotika vardı. Təsəvvür edin, Sovet dövründə kitabda erotikadan yazmaq asan məsələ deyildi. Kitab çıxandan sonra Bakıda bir neçə yazıçı gördüm ki, həmin əsərin ardınca getdilər və ona oxşar, səs-küyə səbəb olacaq əsərlər yazmağa çalışdılar. Amma ədəbiyyat hay-küydən ibarət deyil. Əsər ona görə yazılmır ki, hay-küy salsın, hamı ondan danışsın. Əsər ona görə yazılır ki, sən yeni bir söz demək istəyirsən, oxucuların bilmədiyi bir mövzunu açmaq, göstərmək, maraqlı və istedadlı bir əsər ortaya qoymaq istəyirsən. Nəşriyyatlarla bağlı da müəyyən problemlər var. Bizdə yaxşı nəşriyyatlar da var, səviyyəsiz nəşriyyatlar da. Amma ümumi baxanda, məncə, bu, əsas problem deyil. Azərbaycan 10 milyonluq ölkədir, bizə 100-150 nəşriyyat lazım deyil. Əgər 3, 4, 5 keyfiyyətli nəşriyyat varsa, bu kifayətdir. Bizim belə nəşriyyatlarımız var. Ədəbiyyatda həmişə problem olub və olacaq. Problemlərdən biri də budur ki, hər yerdə olduğu kimi, burada da sözün əsl mənasında istedadlı yazıçılar var, bir də konyunkturçular var. Onlar baxırlar ki, nə yazaq, bizdən danışsınlar, hay-küy düşsün, gündəmdə olaq.
-Əgər bu gün yaradıcılığa ilk dəfə başlayan gənc Natiq Rəsulzadə ilə qarşılaşsaydınız, ona bircə cümlə ilə nə deyərdiniz?
-Deyərdim ki, əgər doğrudan da, həqiqətən sən bu yolu seçmisənsə, onu bil ki, bu, çox çətin yoldur. Çox çətin! Fikirləş, düşün, bəlkə başqa bir yola gedəsən. Amma əgər möhkəm durmusansa, get bu yolu. Bil ki, səni çox şey gözləyir. Səni intriqalar gözləyir, qısqanclıqlar gözləyir, elə hadisələr gözləyir ki, özün məəttəl qalacaqsan. Dostların üz çevirəcək. Çünki sən həmişə gərək həqiqəti yazasan və həqiqəti söyləyəsən. İnsanlar onu sevmir, insanlar yalanı sevir.
Nigar Xəlilli
14:00 06.10.2026
Oxunuş sayı: 62