Ağdam Şəhəri Günündə “Göyçək Fatma” tamaşası nümayiş olunub
20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərdə keçirilən mədəni-kütləvi tədbirlər çərçivəsində Ağdam Dövlət Dram Teatrının “Göyçək Fatma” tamaşası nümayiş etdirilib.
Mədəniyyət Nazirliyindən Crossmedia.az-a bildirilib ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə təqdim olunan səhnə əsəri məktəblilər tərəfindən maraqla qarşılanıb.
Məşhur Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elmir Hümbətov, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərov, işıq rəssamı Anar Şükürov, rejissor assistenti isə Ceyhun Yusifovdur.
Tamaşada Əməkdar artist Aidə Qasımova, aktyorlar Elmir Hümbətov, Ülviyyə Qasımova, Rüstəm Məmmədov, Zərifə Ağayeva, Afaq Əliyeva, Ramil Hüseynzadə və Anar Zeynalov iştirak ediblər.
Azərbaycan folklorunun təbliği, uşaqların mənəvi-estetik tərbiyəsi və milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyət daşıyan tamaşa məktəblilərin bayram sevincinə xüsusi rəng qatıb.
18:19 20.11.2026
Oxunuş sayı: 92